"MTN işi” üzrə Sabunçu Rayon Məhkəməsində şahid qismində dindirilən naxçıvanlı oliqarx, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov ifadə verib. 

Daim mətbuatın gündəmində olan İ.Axundov deyib ki, yazıb oxuya bilmir, ona görə də istintaq zamanı onun adından yazılanları oxuya bilməyib.

İş adamının bu açıqlaması geniş müzakirələrə səbəb olub. Bakıda inşa olunan bir çox hündürmərtəbəli binaları şirkəti inşa edən birinin yazıb-oxuya bilməməsinə inanlar çox deyil. İ.Axundovun ibtidai istintaq zamanı verdiyi ifadədən imtan etmək üçün belə bir açıqlama verdiyi fikri formalaşıb.

Əslində necədir? İ.Axundov yazıb-oxuya bilirmi?

İş adamı ilə əlaqə saxlayıb bu mövzuda suallara aydınlıq gətirməsini xahiş etdik.

"Yazıb oxuya bilmirəm də, nə istəyirsiz axı, əl çəkin” – deyən İ.Axundov əlavə edib ki, hazırda müflis durumdadır: 

"Çağırdılar məhkəməyə getdim, fikrimi dedim. Mən bankrot olmuşam. Mənə qarşı hansısa addımlar olmayıb, bu, yalan sözlərdir. Yazıblar da adımdan. Mən məktəbə getməmişəm. İmkansız olmuşuq. Məktəbə getmək üçün əyin-başımız, dəftər kitabımız olmayıb. Atam müharibədə olub. Döyüşüb gəlib, yaşı da çox olub, gec evlənib. Bizim ailəmiz böyük olub. 8 uşaq olmuşuq. Ona görə də məktəbə gedə bilməmişəm. Mənim təhsil almaq imkanım olanda isə yaşım keçmişdi”.

İ.Axundov deyir ki, sonradan zəhmətkeşliyi sayəsində Azərbaycanda tanınan tikinti maqnatına çevrilə bilib: 

"İndi bankrot oldum. Dövr belədir də, krizisdir. İşlərimzi dayanıb. Bəlkə Allah-təala elə edəcək ki, işlərimizi davam etdirəcəyik. Yaşım az idi, 14 yarım vardı fəhləlik edirdim. Naxçıvanda, Şərurun Dərələyəz kəndində fəhləlik etməyə başlamışam. Sonradan kolxozda, tikintidə işlədim, fəhləlik edirdim. 16 yaşından bənnalıq etməyə başladım. 27 yaşına qədər bənnalıq etdim. Hördüyüm divarlar adamların xoşuna gəlirdi. Beləcə də tikinti işində qaldım, öz işimi qurdum. Əlimə pul gələndə yazıb-oxumaq üçün çox gec oldu”.

"Şərurlu İsfəndiyar” bu gün Bakıda tikilən binalar haqda da fikirlərini açıqlayıb: 

"Baxıram bu gün də binalar tikirlər. Əla, yüksək səviyyədə tikirlər. Biz də pis tikmirdik. İmkan olar, vəziyyətimiz düzələr biz də tikərik”.

Musavat.com