Bir müddət öncə mia.az saytında "Keçmiş döyüşçüyə haqsız cərimə yazıblar" başlıqlı məqalərə DİN-dən reaksiya verilib.
Mia.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadənin mövqeyini olduğu kimi təqdim edir:
""Mia.az saytının 19.02.2017-ci il tarixli xəbər buraxılışında və bəzi saytlarda yerləşdirilmiş yazılarda cari il yanvarın 20-də Sumqayıt şəhərində yol polisi əməkdaşları tərəfindən Bakı şəhər sakini Bəkir Məmmədova qarşı kobudluq edilməsi, guya heç bir əsas olmadan cərimələnməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Əslində Bakir Məmmədov 20.01.2017-ci il tarixdə saat 10.50 radələrində idarə etdiyi "Kia Cerato" markalı 90 VA 414 dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhərinin Sülh küçəsi ilə S.Vurğun küçələrinin kəsişməsində işıqforun qadağanedici siqnalının tələbini pozduğu üçün saxlanılıb. Bu zaman yol polisinin əməkdaşı tərəfindən sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini kobud şəkildə pozduğu, buna görə qanunvericiliyə uyğun olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək 60 manat məbləğində cərimə olunduğu bildirilib.
B.Məmmədovun əsassız olaraq cərimələnməsi barədə iddiaların əksinə olaraq qeyd edilən tarixdə adıçəkilən sürücünün işıqforun qadağanedici siqnalının tələbini pozması YPX avtopatruluna quraşdırılmış kamera vasitəsilə qeyd alınıb və videogörüntüyə baxış keçirilərkən bu məqam öz təsdiqini tapıb.
Videogörüntüdə DYP əməkdaşının sürücüyə qarşı iddia olunduğu kimi, kobudluğunu və ya nəzakətsiz davranışını göstərən hər hansı qeyd və ya dəlil əksini tapmayıb.
DYP-nin gündəlik praktikasında rast gəlinən, belə təmaslar üçün olduqca normal görünən bəsit bir məsələnin şişirdilərək problem səviyyəsindək qaldırılmasının qərəzdən və yersiz hikkədən irəli gəldiyini təsdiqləyən digər mühüm məqam isə Bakir Məmmədovun özünün barəsində tərtib edilmiş protokolu heç bir qeydsiz-şərtsiz imzalaması, YPX əməkdaşı tərəfindən qəbul edilmiş qərarla razılaşmasından ibarətdir.
Bəlkə də burada nöqtə qoymaq olardı. Lakin yol hərəkəti qaydalarını pozmuş B.Məmmədovun ömrünün böyük bir hissəsini hərbi xidmətdə keçirməsinin, keçmiş döyüşçü olmasının yazıda yeri gəldi-gəlmədi bir neçə dəfə vurğulanması əslində təhlükəli bir tendensiyadan xəbər verir.
Bu məntiqdən çıxış edilərsə, o zaman polis əməkdaşları vətən və xalq qarşısında az da olsa xidmətləri olan istənilən şəxsin ölkənin qanunlarını pozmasına, hətta cinayət törətməsinə belə göz yummalı, həmin şəxs(lər) barəsində heç bir qanuni tədbir görməli deyillər. Baxmayaraq ki, Milli Ordunun formalaşmadığı müstəqilliyin ilk illərində məhz daxili işlər orqanlarının əməkdaşları könüllülərlə birlikdə torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərin əsas ağırlığını öz çiyinlərində daşıyıblar və bu yolda 1000-dən artıq əməkdaş və hərbi qulluqçumuz şəhid olub, yüzlərlə paqondaşımız müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaddan çıxarmaq lazım deyil ki, kimliyindən, sosial, siyasi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında bərabərdir və həmin qanunların tələbləri bütün vətəndaşlara eyni dərəcədə şamil olunur. Heç bir xidmət, yaxud imtiyaz hansısa vətəndaşı qanundan, qanunun aliliyindən üstün mövqeyə çıxara bilməz. Bunu bizdən uğrunda çalışdığımız, yeri gələndə fəda olduğumuz, hüquqi, dünyəvi və demokratik dövlət olan Azərbaycanın Konstitusiyası və qanunları tələb edir...".