Lənkəranda "Şah Sarayı”nda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Mia.az-a verilən məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi, 2016-cı ilin xalqımız, o cümlədən Lənkəran üçün uğurlu olduğunu söylədi, yeni ildə ictimai-siyasi, iqtisadi-mədəni həyatımızın bütün sahələrində daha böyük müvəffəqiyyətlərin qazanılmasını arzulayıb.

İcra başçısı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açdı, Ulu Öndərin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsindən, onların tarixi Vətənlə əlaqələrinin güclənməsindən, azərbaycançılıq ideyası ətrafında birləşməsindən danışıb, diaspor quruculuğunun Azərbaycan üçün önəmli olduğunu vurğulayıb.

İcra başçısı dahi rəhbərin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, xaricdə yaşayan həmvətənlərimizin Bakıda keçirilən qurultaylarından və onun əhəmiyyətindən ətraflı bəhs edib.

Taleh Qaraşov daha sonra Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasətindən danışıb. 

Respublikamızın çiçəklənən diyara çevrilməsini fərəhlə qeyd edən icra başçısı deyib ki, bütün bölgələrdə olduğu kimi, Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işləri görülüb, 2017-ci ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini, yeni proqram və layihələrin yerinə yetiriləcəyini əminliklə söyləyib.

Sonra T.Qaraşov rayonumuzun təhsil, səhiyyə, mədəniyyət sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fərqlənən bir qrup şəxsə ŞİH-nin Fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.

Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.