Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə tikilən fərdi evlərlə bağlı məsələyə diqqət yetirib.

Deputat bildirib ki, 2015-ci ilədək müxtəlif rayonlarda evlər tikildi, sahiblərinə təhvil verildi. Ancaq ötən il maliyyələşmə dayandırıldı. 

"Maliyyə naziri cənab Samir Şərifov dünənki çıxışında bildirdi ki, 2017-ci ildə dövlət büdcəsində bu məqsəd üçün vəsait nəzərdə tutulmur. 2015-ci ildə Saatlı rayonunda bu kateqoriyadan olan əhali üçün 9 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulurdu. Bəzilərinin bünövrəsi qazıldı, hətta müəyyən tikinti işləri də aparıldı. İndi isə məlum olduğu kimi, maliyyə dayandırılıb. Bəs, o yarımçıq tikililərin aqibəti necə olacaq? 

Əlbəttə maliyyə ayrılmasa uçub-dağılacaq. Dövlətin pulu havaya sovrulacaq. Mənzillərini gözləyən 9 ailənin üzvlərini necə inandırmaq olacaq ki, pul olmadığına görə eviniz tikilmədi? Axı onlar Vətən üçün şəhid veriblər, sağlamlıqlarını itiriblər. Hamı kimi yaşamağa haqları var. İnanmaq istərdim ki, dediklərim havada qalmayacaq. Bu sahədə də müsbət addımlar atılacaqdır”, - deyə Ə.Amaşov vurğulayıb.