Bu gün Biləsuvar rayon  Heydər Əliyev Mərkəzində "Gender  bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda tədbirlə yanaşı, Qadın Resurs  Mərkəzinin açılışı olub.

Mia.az xəbər verir ki, tədbirdə  Biləsuvar rayon  İcra Hakimiyyətinin  başçısı  Mahir  Quliyev, Azərbaycan Respublikasının  Ailə, Qadın  və  Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədr müavini  xanım Sədaqət Qəhrəmanova, Avropa  İttifaqının səfiri xanım Malena Mard, BMT–nin Azərbaycandakı  Rezident  Əlaqələndiricisi  və BMTİP-nin Rezident nümayəndəsi cənab Qulam İshaqzai, rayonun hüquq-mühafizə  orqanlarının, idarə, müəssiə  və  təşkilatların  rəhbərləri, rayon qadınları və KİV nümayəndələri iştirak ediblər.

İştirakçılar  Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat  və  fəaliyyətini  əks  etdirən eksponatlarla tanış olublar.

Tədbirdə çıxış edən  Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev qonaqları salamladıqdan sonra bildirib ki, Azərbaycan qadını  öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında həmişə müstəsna rol oynamışdır:

"Qadınların cəmiyyətimizdəki rolundan danışarkən Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi  xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün var qüvvələrini sərf edirlər”.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş bu dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz  İlham  Əliyev  cənabları tərəfindən çox böyük uğurla davam etdirilir.Azərbaycanın bu günkü möhtəşəm qələbələrində qadınlarımızın da fədakar  əməyi, gərgin zəhməti  göz önündədir. Müstəqil  respublikamızın bu günkü ictimai həyatında Azərbaycanın  birinci xanımı,  Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri,  Millət vəkili Mehriban xanım Əliyevanın xüsusi, əvəzolunmaz yeri vardır. Mehriban xanım Əliyeva  nəinki ölkəmizdə, hətta bütün dünyada ictimai fəallığı ilə seçilir və sevilir. Mehriban xanımın yorulmaz, fədakar əməyi respublikamızın bütün qadınlarına çox gözəl nümunədir".

İcra başçısı deyib ki, rayonda da qadınların ictimai fəallığı durmadan artır, onların rayonunun ictimai-siyasi həyatında fəaliyyəti ilbəil genişlənir:

"Bu gün Biləsuvar rayonunda əhalinin 49972 nəfərini məhz  qadınlar təşkil edir. Təhsil, səhiyyə,  mədəniyyət sahəsində çalışanların 75-80 faizi  qadın  və qızlardan ibarətdir.Açılışına toplaşdığımız Qadın Resurs Mərkəzinin istifadəyə verilməsi rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Qadın Resurs  Mərkəzinin açılışı rayonumuzda qadınların ictimai fəallığının daha da artırılmasında müstəsna rol oynayacaqdır.

Avropa İttifaqının və BMT-nin İnkişaf  Proqramı tərəfindən maliyyələşən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin  İnkişaf Proqramı və Rasional İnkişaf  Uğrunda Qadın Cəmiyyətinin icra  etdiyi layihə çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzində indiyədək müxtəlif tədbirlər, seminarlar, təlimlər keçirilmişdir. Mərkəzin təlimlərində indiyədək  50-yə yaxın qadın iştirak etmiş, onlardan 13 nəfəri qalib gələrək  öz bizneslərini qurmaq imkanı qazanmışlar".

Çıxışının sonunda M.Quliyev göstərdiyi dəstəyə görə Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və  qonaqlara minnətdarlığını  bildirərək, Mərkəzə öz fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ailə, Qadın  və  Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa  İttifaqının səfiri Malena Mard, BMT–nin Azərbaycandakı  Rezident  Əlaqələndiricisi  və BMTİP-nin Rezident nümayəndəsi Qulam İshaqzai çıxış edərək bu istiqamətdə görülən işlərdən danışıblar və mövzu üzrə geniş müzakirələr aparılaraq iştirakçıların sualları cavablandırılıb.

Tədbir zamanı təlimlərdən uğurla çıxan 13 nəfər qadına sertifikatlar təqdim olunub və Qadın Resurs Mərkəzinin fəaliyyətini bildirən lent kəsilib. 

Mərkəzin foyesində qadınların əl  işlərindən  ibarət  müxtəlifyönümlü  sərgiyə və qadınlar tərəfindən yaradılmış biznes sahələrinə baxılıb.