Lənkəran şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Intellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən "Gənclərin fiziki sağlamlığının inkişafina yönəldilmiş təşəbbüslərin reallaşdırılması" layihəsinin mətbuat konfransı keçirilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində Lənkəran şəhərinin 5 orta təhsil məktəbində müxtəlif idman qurğuları (müxtəlif hündürlüklü turniklər, paralel qollar, ağırlıq qaldırma aləti və s.) quraşdırılaraq məktəb şagirdlərinin istifadəsinə verilmiş və eləcə də həmin məktəblərdə "İdmanın sağlamlıqda və karyerada rolu" mövzusunda təlimlər keçirilmişdir.
Konfransda şəhər ziyalıları, Lənkəran təhsil müəssisələrinin müəllimləri, KİV-nin təmsilçiləri, QHT nümayəndələri iştirak edərək layihənin icrası və yekun nəticələri ilə tanış olmuşlar.
Konfrans zamanı layihəni icra edən "İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin rəhbəri Samir Axundov görülmüş işlər barədə məlumat verdikdən sonra orta təhsil məktəblərində şagirdlərin sağlamlığı üçün bu idman qurğularının olmasının nə qədər əhəmiyyətli olduğu haqqında danışmışdır. O qeyd etmişdir ki, xüsusilə gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün imkanların məhdud olduğu regionlarda orta təhsil məktəblərində (əsasən məktəblərin həyət hissələrində - açıq havada) uşaqların sağlam inkişafı üçün bənzər idman qurğularının və oturacaqların quraşdırılması vacibdir. Belə ki, istər dərs, istərsə də dərsdən kənar zamanlarda uşaqların bu qurğulardan istifadə etməsinə yaradılacaq şərait onlarda stressi azalda biləcəyi kimi, onların fiziki sağlam inkişafına, idmana maraq göstərməsinə (gələcək karyera baxımından), zərərli vərdişlərdən uzaqlaşmasına, rəqabət düşüncələri içərisində sosiallaşmasına və təhsil səviyyəsinin artması kimi faktorlara da ciddi təsir göstərə biləcəkdir.
Məlumat üçün bildirək ki, layihə bitdikdən sonra məktəblərdə quraşdırılmış qurğular, onların ölçüləri-standartlar, hazırlanması zamanı istifadə edilən materiallar və qiymətləri haqqında təfərrüatlı məlumat Təhsil Nazirliyinə və cənub bölgəsində (6 rayon üzrə) yerləşən bütün orta təhsil müəssisələrinə paket şəklində göndəriləcəkdir. Eləcə də bu idman qurğularının quraşdırılmasında maraqlı olan tərəflər və təhsil müəssisələri təşkilatın web səhifəsinə (http://intellektorg.wixsite.com/intellekt) daxil olaraq sorğu göndərməklə qeyd edilən qurğular haqqında lazımı məlumatı əldə edə bilərlər.