"Cənab Usubov, məni qəbul edin!” Oğlunun şərləndiyini iddia edən ana fəryad edir "Oğlum Pərviz Məmmədov Səbail Rayon Polis İdarəsinin rəis müavini Füzuli Hümbətov və idarənin müstəntiqi Hənifə Bayramzadə, 8-ci polis bölməsinin sabiq rəisi Vüsal Qaraşov (Bu polis rəisi ötən ay Yasamala bölmə rəisi təyin edilib-readksiya) tərəfindən şərlənərək, bu ilin aprelin 27-də həbs olunub. Polislər həmin gün evimə basqın edərək oğlumu zorla, döyə-döyə 8-ci polis bölməsinə aparıb. Maraqlıdır ki, evdən və evdən aparılanda üzərində heç nə çıxmayan oğlumun üzərində orada 151.71 qram narkotik vasitə çıxıb. Gülməlidir, deyilmi? Bu qədər açıq şər və olay ola bilərmi?”.
Mia.az xəbər verir ki, bu sözləri Bakı sakini, Pərviz Məmmədovun anası Qəribə Məmmədova prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova növbəti şikayətində yazıb.
O bildirir ki, 7 aydır getmədiyi qapı, şikayət etmədiyi ünvan qalmayıb. Lakin yuxarıda adıçəkilənələrin qondarma yozma və qərəzi əsasında həbs edilən oğlunun işində heç bir yenilik yoxdur:
"Oğlum Pərviz Füzuli Hümbətovun sifarişi ilə saxlanılıb. Siqaret belə çəkməyən oğluna işgəncə verərək onun etmədiyi cinayət barəsində zorla ifadə alıblar. Özünü yuxarıların gözündə peşəkar və nümunəvi bir polis işçisi kimi göstərmək üçün belə bir addımı atan F.Hümbətov indi də istintaqın gedişinə mane olur. Oğlum 7 aydır Bakı Şəhər İstintaq Təctrifxanasında saxlanmasına baxmayaraq, müstəntiq bir dəfə də olsun onun yanına getməyib.(Bunu aidiyyətli qurumlar yoxlaya da bilər). Oğlumu sanki girov, əsir kimi saxlayırlar. Yalnız işdə o yenilik olub ki, şikayətimiz əsasında cinayət işi müstəntiq Hənifə Bayramzadədən alınıb, Fariz Hacıyevə verilib. Lakin bu formal dəyişikliyin də əhəmiyyəti yoxdur. Axı, müstəntiq necə işlədiyi idarənin rəis müavininin əməlinə hüquqi qiymət verə bilər ki?”.
Şikayətçi yazır ki, oğlunun işinin obyektib araşdırma əvəzinə, Cinayət Məcəlləsinin 234.4.4 maddəsi ilə açılan cinayət işini tez-tələsik bağlamaq, özlərinin etdikləri qanununsuzluqları və cinayəti ört-basdır etməyə çalışırlar: "Bu adamlar qanunsuz hərəkətlərinə don geydirmək üçün öz nazirlərinin adlarından istifadə etməkdən belə çəkinmirlər. Səbail RPİ-də baş vermiş qanunsuzluqlarla bağlı ərtraflı məlumat vermək üçün dəfələrlə nazir Ramil Usubov və I müavin Vilayət Eyvazovun qəbuluna düşmək istəmişəm. Amma hansısa gizli qüvvə mənimlə onkoloji xəstə olan həyat yoldaşımin qəbula düşməsinə imkan vermirlər. Buradan qəzet vasitəsi ilə nazir Ramil Usubova üz tutub, bir ana kimi xahiş edirəm, məni qəbul edin, o zaman oğlumun haqsız həbs olunduğuna əmin olacaqsınız”.
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.