"Azərsu"  ASC-nin "Gəncə Sukanal Törəmə" SC-nin direktoru Bəhlul Ramazanov və onun dəstəsi Gəncə şəhərində camaatı suyla sınağa çəkir.

Bu barədə Gəncənin Nəriman Nərimanov küçəsinin sakinləri Əziz Əliyev, Zülfüqar Məmmədov və digərləri Mia.az-a şikayət məktubu yazıblar.

Sakinlərin sözlərinə görə, Bəhlul Ramazanovun dəstəsi dəfələrlə Gəncə şəhərinin Nəriman Nərimanov, Əziz Əliyev və Zülfüqar Məmmədov küçələrini su ilə təmin edən artezian motorunu bu küçələrdə yaşayan 1500-ə yaxın ailədən yığılan vəsait hesabına təmir etdirir:

"Demək olar ki, Bəhlul Ramazanovun dəstəsi ərazidə su borusu partlayanda, idarənin su nasoslarında nasazlıq yarananda sahə rəisi Mehdini və digər işçilərini əhalinin canına salıb, hər evdən pul yığmağa başlayırrlar. 2000-ə yaxın ailənin yaşadığı ərazidən qeyri-qanuni yığılan rüşvət hesabına nəinki boru, nasos təmir etmək olar, hətta bir neçə təzə nasos da almaq olar.

Amma çox təəssüflər olsun ki, belə təmirlərə yığılan pulların sonu qurtarmır. Əhali də hər ay həm su pulu ödəyir, həm də Bəhlul Ramazanovun reket dəstəsinə xərclik pulu verir.

Ərazimizdəki nasosxananı işlədən Aygün və Vahid adlı işçilər isə bizə bildirir ki, burada əraziyə xidmət edən mühərrikin gücü əvvəllər 55 kVt gücündə olub. Onda deyilən ərazidə su problemi olmurdu. Sonralar su idarəsi həmin mühərriki çıxarıb, yerinə 45 kVt gücündə mühərrik qoydu. İndi isə həmin mühərriki də çıxarıb yerinə 30 kVt gücündə mühərrik qoyublar. Hələ üstəlik, Gəncə Avropa Gənclər Paytaxtı adlı parkı da bu su xəttinə qoşublar, oradakı su çiləmə qurğuları və fontanlar da bura qoşulub".

Sakinlər deyir ki, əraziyə su iki gündən bir iki saat verilir. Verilən su isə çoxmərtəbəli yaşayış binalarının yalnız birinci mərtəbəsinə çox zəif axınla gəlir. Artıq elə bir vəziyyət yaranıb ki, bizə ancaq Tanrı kömək edə bilər. Çünki məmurlardan bizə kömək edən yoxdu:

"Nasosxanada su iri bir anbara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir. Bu anbarın içərisində isə siçovul leşindən pişik leşinə kimi nə istəsən tapmaq olar, antisanitariya hökm sürür". 

Mia.az