Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Qazaxda "Qarabağ münaqişəsinin internet media resurslarında işıqlandırılması" mövzusunda dəyirmi masa keçirib.

Mia.az-ın məlumatına görə, dəyirmi masa birliyin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "İnternet media resurslarında Qarabağ mövzusunun stimullaşdırılması” layihəsi çərçivəsində baş tutub. Dəyirmi masada cəbhə bölgəsi olan Qazax rayonunun ziyalı qadınları iştirak edib. Birliyin sədri Asəf Quliyev tədbirin Qazaxda keçirilməsinin əsas səbəblərindən biri kimi rayonun 7 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu göstərib: "Hamı bilməlidir ki, Ermənistanın təcavüzü təkcə Qarabağda deyil, Azərbaycanın digər bölgələrində də işğal reallığı yaradıb”. Sədr daha sonra internet media resurslarında Qarabağ münaqişəsi mövzusunda yazılan yazıların monitorinqinin nəticələri ilə bağlı məlumat verib. Çıxışçı bildirib ki, bu mövzunun internet media resurslarında işıqlandırılmasını qənaətbəxş hesab etmək olmaz. Bundan başqa yayılan informasiyalarda yol verilən qeyri-dəqiqlik hallarının hələ də mövcudluğu faktlarla dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. Dəyirmi masa iştirakçıları diskusiyalarda müxtəlif təkliflərlə çıxış edib və Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı problemlərin daima diqqətdə saxlanılmasının vacibliyini vurğulayıblar.

Səsləndirilən təkliflər və rəylər qeydə alınıb və layihənin yekun hesabatında əksini tapacaq. Asəf Quliyev bu təklif və rəylərin ictimailəşdiriləcəyini və əlaqədar qurumların diqqətinə çatdırılacağını bildirib.