Bakı Nəqliyyat Agentliyi dünən əlbəyaxa çıxan 6 və 88 saylı marşrut sürücüləri bağlı rəsmi məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, dünən ALO 141 Çağrı mərkəzinə 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub.

Məlumatda deyilir ki, görüntülərdən də məlum olub ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər. Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək.

Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərə müraciət edərək bildirir ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır.