Ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahibləri çıxılmaz vəziyyətlə üzləşiblər.
Bu barədə Mia.az-a üz tutan sahibkarlardan biri deyir ki, onlar hər də SOCAR-ın teriminalından topdan benzin alanda problemlə üzləşirlər:
"Terminalda hər 30 tonluq maşına 400 litr əskik benzin vurulur. Təsəvvür edin ki, hər gün 30 ton benzin alan yanacaqdoldurma məntəqəsinin hər aldığı maşından 400 litr benzin əskik olur. Bu da ayın sonunda 12 ton əskik deməkdir. İndi elə yanacaqdoldurma məntəqləri var ki, gün ərzində 10-15 maşın benzin alır, satır. Onların əskiyi isə ayın sonunda 150 tonu aşır və heç bir halda bizlər bu əskiyi kompensasiya edə bilmirik.
Etiraf edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ənənəvi yoxlama keçirir deyə, sayğaclara da müdaxilə eləmək mümkün deyil. Onlar, bununla bərabər, hər rüb "hesab"larını alaraq, gedirlər. Əks halda, yanacağın tərkibindən elə şeylər çıxararlar ki, məntəqəni bağlamaq məcburiyyətində qalarıq. Çox təəssüf ki, komitə mövcud problemi SOCAR-ın qarşında qaldırmaq əvəzinə, gücünü bizlərin üzərində sınaqdan çıxarır. Bu problem üzündən də, biz faktiki qanunsuz və eyni zamanda çıxılmaz faktla üzləşmişik".
Bəs, SOCAR-ın topdansatış benzin satışını həyata keçirən termanal rəhbərliyi bu problemi necə yoluna qoyur?
Sahibkar deyir ki, onlar ilin müxtəlif vaxtlarında zavodun cari təmirə bağlamaq adı ilə yığılan 400 litrləri öz variantları ilə realizə edirlər: "Həmin intervalda bizdən benzinin topdan satış pulunu köçürmə ilə deyil, nəğdə alaraq, yığılıb qalan "leviy" benzini realizə edirlər. Ancaq bizlər 64 qəpiyə aldığımız benzindən kəsilən 400 litrləri sənədlərimizdə də necə realizə edəcəyimizi bilmirik".
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az