Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Tərəqqi” SİİB –i "Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Ağdam rayonu, Quzanlı qəsəbəsində "Dəri zöhrəvi xəstəliklər” mövzusunda təlim keçirib.
Mia.az-a verilən məlumata görə, təlimin məqsədi dəri xəstəlikləri və onun müalicə və profilaktikası barədə iştirakçıları məlumatlandırmaq olub.
Təlimi aparan S.Feyziyeva dəri xəstəlikləri (dodaqlarda herpes, vitiliqo, ayaqlarda göbələk, furunkul, tetanus, parazit ) barədə məlumat verib.
Qeyd edib ki, dünyada 90% insan dodaqlarda herpes virusunun daşıyıcısıdır:
"Xarici epitel qatı nisbətən nazikdir. Herpes hava-damçı, cinsi və anadan uşağa keçə bilir. Ona görə də əksəriyyət insanda bu virus var. Vitiliqo xəstəliyində dəridə ağ ləkələr olur. Ayaqlarda göbələk xəstəliyi ilə çox insan rastlaşır. Pəncələrdə, barmaqlar arasında, bədənin digər yerlərində dəri qızarır, iltihablaşır, soyulur, güclü qaşınır. Tibbdə buna mikoz deyilir. Bu iltihabı mikroskopik göbələk törədir. Bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar...”.
Daha sonra Feyziyeva dəri xəstəliklərinin profilaktika və müalicəsi ilə bağlı ətraflı danışıb və tövsiyyələrini verib.
İştirakçıların mövzu ilə bağlı fikirləri və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Ağdam, Ağcabədi və Tərtər rayonundan 22 nəfər iştirak edib.