"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” adlı layihənin icrasını davam etdirir.

Mia.az xəbər verir ki, layihə çərçivəsində növbəti konfrans Balakən şəhərindəki "Gənclər Evi”ndə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Balakəndə fəaliyyət göstərən Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyev konfrans iştirakçılarına rayonun dini-etnik tərkibi haqda ətraflı məlumat verib. S.Hacıyev deyib ki, yerli dini icmalarla sıx əməkdaşlıq etməklə rayonda sağlam mənəvi mühitin yaranmasına nail ola biliblər.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə tədbir iştirakçılarını 15 iyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ç.Bayramov deyib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Yaxın tarixi keçmişə ekskursiya edən TUMİB sədri Azərbaycanın 1993-cü ildə məhz Heydər Əliyev dühası sayəsində parçalanmaq təhlükəsindən xilas olduğunu bildirib.

Ç.Bayramov daha sonra tədbir iştirakçılarına layihənin məqsədi barədə məlumat verib. TUMİB sədri ölkədəki radikalizmə qarşı mübarizə mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında geniş çıxış edib. Ç.Bayramov çıxışına davam edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə deyib ki, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Natiq bunu Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi ilə izah edib. S.Verdizadə gəncləri Azərbaycanda hökm sürən sağlam mənəvi mühiti korlamaq istəyən radikal dini təriqətlərin nümayəndələrinə qarşı mübarizə aparmağa səsləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Qarayev isə bildirib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. E.Qarayev bu müsbət tendensiyanın bu gün də davam etdiyini vurğulayıb.

TUMİB-in Şəki-Zaqatala regionu üzrə səlahiyyətli nümayəndəsi Rəcəb Feyzullayev qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqların min illərdən bəri birgə yaşadıqları məkandır. R.Feyzullayev bildirib ki, yeniyetmə və gənclərimizi yad və radikal sektaların təsirindən qorumaq hər birimizin başlıca vəzifəsidir.

TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə analoji layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyinə diqqəti çəkib. Natiq deyib ki, gənclərin ölkənin ictimai həyatında aktivliyini artırmaq üçün bu təbəqənin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını gücləndirmək lazımdır.

TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənəliyev Azərbaycan gəncliyinin qarşısında mühüm vəzifələr dayandığını bildirib. S.Pənəliyev deyib ki, Azərbaycan gəncliyi yalnız işğal altında olan torpaqlarımız uğrunda canını fəda edə bilər.

Təbbirin sonunda iştirakçılara diplomlar verilib.