Xəbər verdiyimiz kimi, Ramanadakı yeni yaşayış massivində Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri onlarla evi söküblər.

Bu evlərdən biri tank komandiri Cavid Çobanovun olub. Hərbçi özü döyüş bölgəsində olduğundan evin tikinti işləri ilə qardaşı Coşğun Çobanov məşğul olurmuş. Amma buna baxmayaraq, həmin ev icra orqanının işçiləri tərəfindən sökülüb.

Mia.az xəbər verir ki, Sabunçunun deputatı Fazil Mustafa məsələ ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.

Deputat deyib ki, Azərbaycan Ordusunun hərbçisinə məxsus ev sökülürsə, onun arvad-uşağı çöldə qalısa, o, ön xətdə necə döyüşə bilər:

"Bu məsələyə ciddi bir reaksiya verilməlidir. Çünki hər zaman deyirəm, əsgər və ya zabitin döyüş bölgəsində maddi və başqa formada dəstəklənməsi yetərli deyil. İlk növbədə burada onların ailələrinin vəziyyəti yaxşı olmalıdır ki, onlar xidmətlərini rahat apara bilsinlər. İndi həmin komandir, zabit hansı rahatlıqla döyüşə bilər ki, onun arvadı və uşaqları çöllərdə evsiz qalıb.

Bu məsləyə çox ciddi reaksiya verilməlidir. Həmin şəxslərin yerləşdirilməsi və evlə təmin olunmaları ilə bağlı təcili konkret addım atılmaldır. Belə şey olmaz”.

Fazil Mustafa həmin insanlardan rüşvət istəyən məmurların sərt cəzalandırılmalı olduğunu söyləyib:

"Həmin insanlardan rüşvət tələb olunması da çox pis haldır. Konkret olaraq vəzifəli şəxslər bu məsələyə görə məsuliyyət daşıyırlar. Müvafiq qurumlar, icra orqanları açıqlama verməlidirlər ki, nəyə görə Azərbaycan Ordusunun zabitinə qarşı bu cür hörmətsizlik edirlər?

Qalan məsələləri də dövlət rəsmiləri səviyyəsində qaldırmağa çalışarıq. Əgər dünən bu məsələ daha tez ortaya çıxarılsaydı, parlamentin iclasda mən bunu mütləq qaldırardım”.