Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyət, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Narkotiklərə-YOX deyək” kütləvi ictimai kompaniya çərçivəsində tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə İcra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, psixoloqlar, müəllimlər, gənclər, tələbələr və orta məktəblərin yuxarı sinif şagirdləri-cəmi 255 nəfər iştirak edib.
Tədbiri Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər Komissiyasının sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair dövlət siyasəti və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının xüsusiyyətləri barədə geniş məlumat vermişdir.
Sonra Lənkəran şəhər narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev, Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şahanə Əhmədova, Lənkəran şəhər-rayon polis şöbəsinin rəis müavini Əflatun Məmmədov, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Vəliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Səməd Sadıqov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli çıxış edib "ağ ölüm” adlanan narkomaniyanın insan cəmiyyətinə gətirdiyi fəlakət, vurduğu iqtisadi-mənəvi sarsıntılar və bu dəhşətli bəlaya qarşı ictimai mübarizənin təşkili barədə danışıblar.
Tədbirin sonunda "Narkomaniya təhlükəli təzahür və insan cəmiyyətinin sağlam inkişafına, mənəvi və əxlaqi dəyərlərinə zərbə” adlı film nümayiş etdirilmişdir.
Filmin nümayişindən sonra şagirdlər, gənclər və mütəxəssislər arasında narkomaniya ilə əlaqədar debatlar keçirilmişdir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Lənkəran şəhər Komissiyasının sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov tədbiri yekunlaşdırmışdır.