"Bir sıra KİV –də "Muğanbank" ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat doğru deyil".
Mia.az xəbər verir ki, bu sözləri adıçəkilən bankın sayta göndərdiyi rəsmi məlumatda yer alıb.
Bildirilib ki, "Muğanbank”-ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməyib və bu səbəbdən bankın tələbi məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilib:
"Məhkəmə zamanı müəyyən olunub ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılıb. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Nəticədə "Muğanbank”ın müraciətinə əsasən, bu fakt üzrə - müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal hazırda istintaq mərhələsindədir. "Muğanbank”-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmamışdır".
Xatırladaq ki, "Muğanbank"ın kredit şöbəsinin əməkdaşı haqda cinayət işi açılması və istintaqınn davam etməsi xəbərini Baş Prokurorluq yaymışdı.
Həmin məlumatda qeyd olunurdu ki, "Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb:
Araşdırma zamanı "Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mia.az