Ermənistan tərəfi ötən gecə cəbhə xəttində Azərbaycan ordusunun artilleriya zərbəsinə uğradıqlarını etiraf edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən tərəfi qaubitsalardan açılan artilleriya atəşlərinin cəbhə xəttinin dərinliklərinə endirildiyini bəyan edib.

Qeyd edilib ki, artileriya zərbələrinə yalnız Ağdam şəhərindəki hərbi hissələr deyil, həm də təmas xəttindən xeyli uzaqlıqda yerləşən ərazilər də məruz qalıb.

Bununla belə, düşmən ordusu həmişəki kimi itkilərini gizlədərək, şəxsi heyət arasında tələfatın guya, olmadığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Bildirlib ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.