"Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və "Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqının maliyyə dəstəyi ilə "Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsini icrasına başlayıb.

Layihənin icrasına 2016-cı ilin fevral ayından başlanılıb. Layihənin əsas məqsədi bölgələrdə məişət zorakılığının qarşısının alınması üçün vəkillik kampaniyasının həyata keçirilməsi, ictimaiyyətin və qadınların məlumatlandırılması, eyni zamanda gender əsaslı zorakılığın qarşısının alınmasında təsir gücü olan tərəflərlə əməkdaşlıq edilməsidir. Layihə fəaliyyətləri 5 regionu - Bərdə, Yevlax, Quba, Mingəçevir və Masallını əhatə edəcəkdir.

Layihə çərçivəsində bu rayon və şəhərlərdə dəyirmi masalar, yuxarı sinif şagirdləri ilə görüş və müzakirələr, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün təlimlər keçiriləcək.

Layihənin icrası müddətində 3 mərhələdə əhalinin məişət zorakılığı barədə məlumatlılq səviyyəsinin öyrənilməsi üçün sorğu və ekspert qiymətləndirməsi aparılacaq, layihənin sonunda hesabat və siyasət sənədi hazırlanacaq.

Daha geniş kütlələrin məlumatlandırılması üçün buklet, liflet, posterlər çap edilərək əhali arasında paylanılacaq, 2 sosial reklam çarxı hazırlanacaq və yayımlanacaq. KİV vasitəsilə əhaliyə "Məişət zorakılığlna dur de!” mesajı ötürüləcək.

Layihənin nəticəsi olaraq ictimaiyyətin və qadınların məişət zorakılığı barədə məlumatlılıq səviyyəsinin yüksəlməsi, məişət zorakılığından zərərçəkmişlərə məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən adekvat münasibət və müvafiq yardımın edilməsi sahəsində bilik və bacarıqlarının artırılması, yetişməkdə olan gənc nəsldə gender əsaslı zorakılığa qarşı mədəniyyətin formalaşması gözlənilir.