Tanınmış vəkil Adəm Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi barədə səsləndirdiyi fikirləri sübut edəcək səs yazısını ictimailəşdirib. 

Bu barədə Modern.az saytına məlumat verən vəkil bildirib ki, səs yazısını yaymaqda məqsədi səslənən fikirlərin hər birinin hüquqi əsası olduğunu sübut etməkdən ibarətdir: "Qoy hamı bilsin ki, müvəkkilim Eynur Kərimov komitə rəsmilərinin yaydıqları məlumatlarda səsləndirdikləri kimi şərçi, böhtançı xarakterə malik insan deyil. Bu səs yazısını dinləyən hər kəs tərəfimizdən səslənən ittihamların həqiqəti əks etdirdiyinin bir daha şahidi olacaq. Diqqətə çatdırmaq istəyirik ki, əlimizdə istintaqın gedişinə kömək edə biləcək yetərli qədər video və audio material var. Sadəcə istintaq sirri olduğu üçün əlimizdəki materialı tam versiyada ictimailəşdirmək istəmirik”.

A.Məmmədov Hicran Hüseynova və Səfər İmanovun qohumluq əlaqələrini sübut edəcək daha bir əsaslı faktı ortaya qoyub: "Araşdırmalarımız zamanı məlum olub ki, Səfər İmanovun atası Bəbir İmanov komitə sədrinin atası Kamran Hüseynovun dayısı oğludur. Bəbir İmanovu yaxından tanıyanlar onun çox böyük hörmətə və nüfuza sahib ziyalı olduğunu bildirirlər.

Qeyd edim ki, Səfər İmanovun atası Bəbir müəllim oğlunun başına gələn hadisələrlə bağlı qohumu və komitə sədri Hicran Hüseynovanın dəfələrlə qəbulunda olmağa çalışıb, komitə sədri onu qəbul etməyib.

Oğlunun başına gələnlərdən təsirlənən Bəbir İmanovun qəflətən səhhəti pisləşib və komaya düşüb. B.İmanov 2016-cı il fevralın 6-da dünyasını dəyişib”.

Vəkil deyib ki, Səfər İmanov atası komada olduğu zaman ölkəni tərk edib: "Yeganə oğul övladı olmasına baxmayaraq atasının dəfn mərasimində iştirak etməyib”.

Qeyd edək ki, 170 min ABŞ dolları müqabilində Binəqədi rayon icra başçısının müavini postuna təyinat almaq ümidi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadılan Eynur Kərimov məhkəməyə müraciət edib. O, həmin məbləği Səfər İmanov vasitəsilə Komitə sədri Hicran Hüseynovaya verdiyini iddia edir. Komitə rəsmiləri iddiaları rədd edir.