4 region Müstəqil Müşahidəçilər Qrupu 1 noyabr 2015-ci il parlament seçkilərində apardığı müşahidələrə əsasən yekun hesabat hazırlayıb. Təşkilat mətbuat konfransı keçirilməsinə incazə verilmədiyindən, internet üzərindən seçkinin yekun nəticələrini paylaşıb.

Sənəddə bildirilir ki, ölkənin əsas müxalifət təşkilatlarının seçkinin baykot etməsi, həmçinin bir neçə aparıcı qeyri-hökümət təşkilatlarının suni yollarla fəaliyyətinə olan əngəllər, xüsusən də seçki prosesində böyük təcrübəyə malik olan SMDT kimi təşkilatlara vurulan qanunsuz zərbələr və sədrlərinin həbsi seçki mühitini xoşa gəlməz bir duruma salmışdır.

Söz və mətbuat azadlığı sahəsində ötən seçkilərlə müqayisədə daha da geriləmə baş verib. Ötən illərlə müqayisədə bu yeganə seçki olub ki, namizədlərə dövlət televiziyalarında ödənişsiz təbliğat üçün vaxt verilməyibdir.

Seçkidən öncə Seçki Məcəlləsinə olunan dəyişikliklər nəticəsində seçki müddəti 60 gündən 45 günə endirilib, namizədlərə büdcədən maliyyə ayrılması ləgv edilib və seçkiqabağı təbliğat dövrü əvvəlki seçkilərlə müqayisədə daha da azaldılaraq 22 günə qədər azalıb. Milli Məclis dəyişikliklər edilərkən Avropa Şurası Venesiya Komissiyasının rəyini öyrənməyib.

Hakimiyyətdə olan YAP-nın namizədliyini irəli sürdüyü 118 nəfər namizədin hamısı qeydiyyatdan keçib. Yerli icra hakimiyyətləri, bələdiyyələr və digər dövlət müəssisələrinin YAP və hakimiyyət yönümlü namizədlərin xeyrinə imzatoplama kampaniyasında iştirakına dair bəzi hallar qeydə alıb.

Əsas ana müxalifət partiyaları seçkiləri baykot edib və müxalif fikirli digər müstəqil namizədlərinin yarısı qeydiyyata alınmayıb.

Ölkədə seçki mühitinin şəffaf olmamasından dolayı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək Parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etdi.

Ümumi olaraq 201 müxalifət və müstəqil namizədləri qeydiyyata almaqdan imtina olunub, 43 nəfər öz namizədliyini geri götürüb. Cəmi 767 nəfərin namizədliyi qeydə alınıb.

Müşahidəçilərimiz seçki günü bir çox sayda qanun pozuntuları qeydə alıb. Ölkə üzrə məntəqələrin 36 faizində saxta bülletenlərin qutulara atılması, 48 faizində bir şəxsin bir necə dəfə səs verməsi, 55 faizində barmaqlar mürəkkəblənmədən səsvermə və 30 faizində barmaqların ultrabənövşəyi lampa ilə yoxlanmadan səsvermə halları baş verib. Bundan əlavə, seçki məntəqələrinin 17 faizində səsvermənin nəticələri yekun protokolda düzgün əks olunmayıb. 32 faiz seçki məntəqələrdə isə protokolların surətləri məntəqənin qarşısında asılmayıb.

Müşahidəçilər və namizədlərin nümayəndələri məntəqələrdə ciddi təzyiqlərlə üzləşib. Üzvlərimizə olan təziqlər nəticəsində 12 nəfər müşahidəçi isə seçki günü məntəqələrdən kənarlaşdırılıb, zor gücü və təhdidlə müşahidə aparmaqla bağlı maneələrlə üzləşiblər.

Sənədin sonunda "4 region" MMQ bəyan edir ki, 1 Noyabr, 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Azərbaycan qanunvericiliyi və beynəlxalq standartların tələbləri kobud şəkildə pozulduğu üçün bu seçkiləri azad və ədalətli adlandırmaq olmaz.

Xatırladaq ki, "4 region" MMQ parlament seçkilərinin monitorinqini 80 nəfər uzunmüddətli müşahidəçi və 220 nəfər qısamüddətli müşahidəçi ilə həyata keçirib.