"Rusiya-Türkiyə gərginliyi ABŞ-ın xeyrinə bitdi”. 

Bunu SalamNews-a açıqlamasında hərbi politoloq Ramil Məmmədli deyib.

O bildirib ki, Ukrayna-Rusiya arasında yaranmış münaqişə sonrası ABŞ-ın rəsmi Moskvaya ciddi təzyiq göstərəciyini gözləyənlər də bu faktın şahidi olub:

 "Türkiyə-Rusiya gərginliyində də ABŞ növbəti dəfə öz maraqlarını güdərək, müttəfiqini belə çıxılmaz vəziyyətdə qoydu.

Bu məqam ötən gün ABŞ Dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşdə də açıq aşkar sezildi. ABŞ diplomatik şəkildə Con Kerrinin dili ilə Rusiya ilə hərbi-siyasi qarşıdurmaya getməyəcəyini bəyan elədi. Con Kerri "ABŞ Rusiyanın izolyasiyasına çalışmayacaq. Əksinə problemləri birgə həll edəcəyik” açıqlaması ilə bir çox mətləblərə aydınlıq gətirdi. Bu o deməkdir ki, rəsmi Ankara Moskva ilə aralarında yaranmış "Su-24 gərginliyi”ndən özü çıxmalı, vəziyyətin mülayimləşməsinə cəhd etməlidir”.

R.Məmmədlinin sözlərinə görə, bir sözlə, ABŞ Rusiya ilə "soyuq müharibə” dövrünü yaşamaq niyyətində olmadığını dolayısı ilə bəyan etdi: "Bundan sonra Türkiyənin atacağı addımlar isə maraq doğurur. Hesab edirəm ki, Ankara postsovet məkanındakı ona dost, Rusiya ilə isə müttəfiq olan ölkələrin vasitəçiliyindən istifadə etməklə mövcud gərginlikdən çıxa biləcək. Görünən həm də odur ki, nəinki ABŞ, heç digər Avropa ölkələri də Rusiya ilə Türkiyəyə görə, birbaşa hərbi-siyasi qarşıdurmaya getmək niyyətində deyillər”.

Hərbi politoloqun fikrincə, Türkiyə-Rusiya gərginliyində ən çox qazanan isə ABŞ olub: "Su-24 hadisəsindən sonra ABŞ hərbi kontingentinin Türkiyədə mövqeyi uzun fasilədən sonra bir daha güclənib və NATO-dan dəstək axtarışlarının sayı artıb. Yəni Rusiya-Türkiyə gərginliyi ABŞ-ın xeyrinə bitdi.

Görünən odur ki, bir zamanlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəni Avropadan kənarlaşdıraraq, müstəqil siyasət yürütmək cəhdi artıq iflasa uğrayıb. İndiki məqamda Türkiyə ya yenidən Qərbin "ətəyindən yapışmalı” ya da hər hansı bir yolla digər "cəbhə”də olan yaxın qonşuları ilə gərginliyin azalmasına xidmət edəcək addım atmalıdır.