Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kamran Əliyevlə türkiyəli həmkarı arasında baş tutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş "bir millət, iki dövlət" konsepsiyası hazırda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha da genişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqi sistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir.
Görüşdə Kamran Əliyev qonaqlara Azərbaycanda həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi və institusional inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkənin prokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün Azərbaycanda həyata keçirilən hüquq islahatları və aparılan institusional dəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəli şəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.