Mart-aprel ayları ərzində tərəvəz bazarında qiymətlərin bir qədər sabitləşəcəyi gözlənsə də, bu il vəziyyət bir qədər fərqlidir. Qış fəslində ucuz qiymətə satılması müzakirə doğuran pomidor, artıq aprel ayı olmasına baxmayaraq bazarlarda qiyməti 6-8 manatdan aşağı düşmür. Bu da meyvə və tərəvəzlərin yayda qiymətinin yüksək olub-olmayacağı sualını doğurur.

Mia.az-ın məlumatına görə, Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məlum olduğu üzrə hazırda pomidorlar qapalı şəraitdə yetişdirilir.

Onun sözlərinə görə, intensiv yağıntı çatdırılma işində problemlər yaradıb: “Ona görə müvəqqəti defisit əmələ gəlib. Güman etmirəm ki, hava yaxşı keçərsə, bu il pomidor və digər kənd təsərrüfatı mallarının qiyməti baha olar, lakin meyvələrdə bahalaşma mütləq gözlənilir. Çünki yağışlar gül açmış meyvələri tamamilə sıradan çıxardı. Bu səbəbdən meyvə sektorunda böyük ehtimalla Azərbaycan bazarı xarici bazardan asılı vəziyyətə gələcək. Son 35 il ərzində cəmi iki dəfə yerli ərik üçün yaxşı il olub. Digər illərdə ərik ağacı çiçəkləyən zaman daim şaxta, yağıntı olub. Bu il də hesab edirəm, ərik baha olacaq”.