"Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar ötən il ekranlara çıxan "Dead of Winter" (Azərbaycanca "Qışın ortasında") triller filmində icraçı prodüser (Executive Producer) kimi iştirak ediblər. Lakin bu məlumat Azərbaycan ictimaiyyətinə açıqlanmayıb".
Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb.
Onun sözlərinə görə, kino sənayesində onların vəzifəsini belə izah etmək olar: icraçı prodüserlər adətən filmin çəkilməsi üçün lazım olan kapitalı ya özləri birbaşa yatırır, ya da kənar investisiyaların və fondların cəlb olunmasını təmin edirlər:
"Nicat Heydərov qardaşı Tale Heydərovla birlikdə büdcəsi açıqlanmayan filmin maliyyələşdirilməsi və istehsalında iştirak ediblər. Amma necə və nə qədər, burası da məlum deyil.
Məlum olan odur ki, filmin çəkilişlərinə Alman Federal Film Fondu (DFFF) 2.6 milyon avro və "Film- und Medienstiftung NRW" fondu 1 milyon avro dəstək verib.
Filmdə baş rolları dünya şöhrətli aktrisalar Emma Thompson (Barb rolu) və Judy Greer canlandırıblar.
Film Minnesota ştatında baş verən güclü qar fırtınası zamanı bir yeniyetmənin qaçırılmasının şahidi olan dul bir balıqçı qadının (Emma Thompson) mübarizəsindən bəhs edir".
Samir MUSAYEV
MİA.AZ