Selcan Məmmədzadə ali təhsilini başa vurub, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından uğurla keçib Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Sahib Qarayev adına Muradxanlı kənd ibtidai məktəbinə təyinat aldı.

Təyinat yerinə gedərkən işləyəcəyi məktəbin rayon mərkəzindən 14 km aralı olması onu qorxuzmadı. Özünün dediyinə görə eşitdiyi və müşahidə etdiyi “Bu şəhərli qız kənddə necə işləyəcək?”, “ Yəqin çətinliklərə rəğmən tez də peşiman olar” və “Bilməyib gəlib, ilin sonuna kimi gedər” kimi sözlər, onun beynində peşəsinə olan sonsuz məhəbbətə təsir etmədi. Yaxşı bir sinif otağı formalaşdırdı. Təşkil etdiyi nümunəvi dərslərə valideynləri, təcrübəli müəllimləri dəvət etdi. Az zaman kəsiyində yaxşı bir müəllim kimi tanındı, sevildi. “Örnək müəllim” naminasiyasının qalibi oldu. Məktəb həyatında və təhsil cəmiyyətinin ictimai işlərində fəal mövqeyi mətbuatda təqdir olundu, haqqında TV kanalları verlişlər çəkdi, təhsilimizin aktual problemləri, yeniliklər və uğurlarımız barədə müsahibələri maraq doğurdu.

... Ötən ilin Bahar günlərində şagirdləri, onların validenləri ilə birgə hazırladığı Novruz ənənələrinini əks etdirən bayram şənlyinin mətbuatda işıqlandırılması barədə mənə müraciət etdi. Həmin gözəl tədbiri mətbuata işıqlandırdıq.

Qiyabi tanışlıqdan sonra bir dəfə rastlaşdıq. Ötəri söhbətdən onun kreativ düşüncə və yaradıcılıq qabiliyyətinin mükəmməlliyi barədə məndə ciddi bir fikir yarandı. Dedi, bir roman yazmışam. Təklif etdim ki, gətir oxuyaq. Gətirdi, oxudum və məmnun oldum.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğluna danışdım. Onun yarıkönül: “Çağır gəlsin görüşək, əsəri ver mən də oxuyum” sözlərinin ciddi olmadığından bir qədər narazı qaldım. Günahı da yox idi, iş masasının üstündə olan yaradıcılıq nümunələrinin nə qədər zəif olması barədə mənə danışmışdı.

... Biz üçlükdə görüşdük. Selcan xanımın ədəbi proseslərə yön alan fikirləri, müasir Azərbaycan ədəbiyyatının inciləri, problemlərimiz barədə söhbətləri Sərvaz müəllimin qaranlıq düşüncələrini alt-üst etdi. Gənc yazara tövsiyələrini verdi, onun “Ümidsiz bir ədəbiyyat”əsərini oxuyub, razı qaldığını bildirdi. O an Selcan xanımın gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır... O sevinc, o fərəhə rəgmən Selcan xanıma bildirdim ki, bütün istiqamətlərdə köməkliyimi əsirgəməyəcəm.

Artıq Selcan Məmmədzadınin ədəbi təxəllüsü də var: SELCAN ƏDALƏT! “ Ümidsiz bir ədəbiyyat” əsəri də 500 nüsxə ilə işıq üzü görüb. “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlunun ön sözü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağların redaktorluğu ilə işıq üzü görən mükəmməl əsərin bu günlərdə təqdimatı keçiriləcək. AYB-nin Aran Bölməsinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bölgənin yaradıcı insanları, mədəniyyət və təhsil nümayəndələri dəvətlidirlər.

Çox dəyərli və əziz qələm dostumuz Selcan Ədalət xanım! Səni ədəbiyyatımızda böyük uğur qazanacaq “Ümidsiz bir ədəbiyyat”adlı əsərinizin işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edirik! Sənə bir öyrədən kimi də, bir yazıçı kimi də çox ümidliyik! Yazın, yaradın. Qoy müəllim kimi şagirdlərin, yazıçı kimi oxucuların səni sevsin!

Səxavət TAĞLAR,

Əməkdar müəllim, Prezident mükafatçısı