Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlandı.

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.

Dövlət başçısı Fərzanə Sadiqin Azərbaycana səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq edib.

O, İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələr arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası"nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.