Ankara–Əbu-Dabi barışığı fonunda Bakının atdığı addımlar diqqətdən qaçmamalıdır. Son günlər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müdafiə əməkdaşlığına dair niyyət sənədinin imzalanması təsadüfi hadisə deyil. Bu sənəd təkcə ikitərəfli münasibətlərin növbəti mərhələsi yox, Bakının regional və qlobal balansları necə dəyərləndirdiyini göstərən geosiyasi jestdir.

Azərbaycan–BƏƏ yaxınlaşması son illərin ardıcıl və məqsədli xəttidir. Bu xətt səssizdir, amma dərin işləyir. Bakı nə səs-küylü alyanslar qurur, nə də emosional ritorika ilə irəli çıxır. Əvəzində real sahələrdə real tərəfdaşlıqlar yaradır.

Bakı–Əbu-Dabi münasibətləri artıq protokol səviyyəsini keçib. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi bunun açıq göstəricisidir.

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə rəsmi və işgüzar səfərdə olub. Prezident İlham Əliyev isə dəfələrlə BƏƏ-yə səfər edib, xüsusən enerji, investisiya və indi də müdafiə gündəliyi ilə.

Bu səfərlər təkcə foto və bəyanatlarla bitməyib. Hər dəfə konkret sənədlər, yeni sahələr və uzunmüddətli planlar masaya qoyulub. Bu artıq diplomatik jest yox, strateji ardıcıllıqdır.

Azərbaycan–BƏƏ xətti beş əsas istiqamətdə qurulub.

Enerji sahəsində BƏƏ-nin dövlət neft şirkəti ADNOC-un Azərbaycanın enerji layihələrinə, xüsusən Cənub Qaz Dəhlizi ətrafında yaranan imkanlara marağı təsadüfi deyil. Bu, Körfəz kapitalının Avropa enerji təhlükəsizliyinə bağlanması deməkdir.

Maliyyə və investisiya istiqamətində BƏƏ fondları Azərbaycanda bərpa olunan enerji, logistika, infrastruktur və daşınmaz əmlak sahələrində uzunmüddətli mövcudluq qurur. Burada söhbət sürətli qazancdan yox, strateji yerləşmədən gedir.

Hərbi əməkdaşlıq artıq yeni mərhələyə keçib. “Peace Shield-2026” birgə hərbi təlimləri açıq mesajdır. Bakı və Əbu-Dabi yalnız silah alqı-satqısı yox, əməliyyat uyğunluğu qurur. Bu isə daha dərin hərbi inteqrasiyadır.
Nəqliyyat və logistika xətti xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Orta Dəhlizin açar ölkəsidir. BƏƏ isə qlobal ticarət və logistika şəbəkəsinin mərkəzlərindən biridir. Bu iki xəttin kəsişməsi tərəflərə strateji üstünlük verir.
Siyasi koordinasiya isə bütün bu münasibətlərin dayağıdır. Bakı ilə Əbu-Dabi arasında açıq geosiyasi ziddiyyət yoxdur. Tərəflər regional məsələlərdə bir-birinin qırmızı xətlərini anlayır və buna hörmətlə yanaşır.

Bu yaxınlaşmanı Ankara–Əbu-Dabi münasibətlərindən tam ayırmaq olmaz. Türkiyə ilə BƏƏ arasında son on ildə ciddi gərginliklər yaşanıb. 2016-cı il hərbi çevriliş cəhdi fonunda Ankara BƏƏ-ni maliyyə dəstəyi verməkdə ittiham etdi. 2017-ci il Qətər böhranında Türkiyə Dohanın yanında dayandı, BƏƏ isə əks cəbhədə yer aldı. 2019-cu ildə BƏƏ erməni soyqırımı məsələsini gündəmə gətirdi, hətta bəzi əmirliklər bunu rəsmən tanıdı. 2020-ci ildə BƏƏ-nin Davud anlaşmasının imzalanması isə Ankarada qəzəblə qarşılandı.

Türkiyə–BƏƏ münasibətləri normallaşsa da, Sudan və Liviyada mövqe fərqləri qalmaqdadır. Liviya məsələsində 2019–2020-ci illərdə tərəflər tam əks düşərgələrdə idi. Türkiyə BMT tərəfindən tanınan Tripoli hökumətini açıq hərbi-siyasi şəkildə dəstəklədi. BƏƏ isə general Xəlifə Həftərin qüvvələrinə siyasi, maliyyə və dolayı hərbi yardım göstərdi. Sonradan cəbhə donduruldu, amma strateji baxış fərqi qalır.

Sudanda da fərqli yanaşmalar mövcuddur. Türkiyə daha çox mərkəzi dövlət institutlarının qorunması və siyasi sabitlik xəttini önə çəkdi. BƏƏ isə Qırmızı dəniz hövzəsi, limanlar və regional təsir imkanları üzərindən müxtəlif yerli aktorlarla paralel əlaqələr qurdu. Burada fərq ideoloji yox, geosiyasi alət seçimindədir.

Ərdoğana açıq müxalif mövqedə olan Sedat Pekerin uzun müddət BƏƏ-də yaşaması Ankara üçün həssas və narahatlıq yaradan məsələ olub. Problem təkcə Pekerin orada olması yox, onun məhz BƏƏ-dən çıxış edərək Türkiyənin daxili siyasi gündəmini silkələyən videolar yayması idi. Bu durum Türkiyə–BƏƏ münasibətlərinin ən gərgin dövrünə təsadüf edirdi və Ankarada “dost ölkə ərazisindən dolayı təzyiq” kimi qəbul olundu. BƏƏ rəsmi şəkildə Türkiyənin daxili işlərinə qarışmadığını bildirsə də, Pekerin uzun müddət toxunulmaz qalması narazılıq doğururdu. 2021-ci ildən sonra Ankara–Əbu-Dabi xəttində normallaşma başlayanda Pekerin fəaliyyəti kəskin şəkildə zəiflədi və ictimai çıxışları dayandı. Bu da tərəflər arasında səssiz anlaşmanın formalaşdığını göstərdi. Nəticədə Peker faktoru münasibətləri pozan alətdən idarə olunan risk elementinə çevrildi.

Bununla belə, 2021-ci ildən sonra Ankara–Əbu-Dabi xəttində barışıq mərhələsi başladı. Qəzza və Suriya məsələsində tərəflər bu gün daha yaxın mövqelərdən çıxış edir. Məhz bu fonda Bakı ilə Əbu-Dabinin yaxınlaşması Ankara üçün problem yox, əksinə əlavə kanal rolunu oynayır. Azərbaycan Türkiyənin strateji müttəfiqidir və Körfəzlə qurduğu balans Ankara–Əbu-Dabi xəttinə də müsbət impuls verir. Bakı burada sakit, amma təsirli körpü rolunu oynayır.

Bu fon Bakının mövqeyini daha da maraqlı edir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyi qoruyur, amma BƏƏ ilə münasibətləri Ankara–Əbu-Dabi gərginliyi prizmasından qurmur. Regional emosiyalara yox, soyuq dövlət maraqlarına əsaslanır. Körfəzlə münasibətləri alternativ yox, müstəqil geosiyasi xəttin tərkib hissəsi kimi formalaşdırır.

Azərbaycanın digər Körfəz ölkələri ilə də əlaqələri var. Qətərlə enerji və investisiya sahəsində stabil dialoq mövcuddur. Səudiyyə Ərəbistanı ilə ehtiyatlı, amma açıq iqtisadi və siyasi münasibətlər qurulub. Küveytlə maliyyə və humanitar xətt üzrə əməkdaşlıq var. Amma sistemli, çoxşaxəli və davamlı əməkdaşlıq baxımından BƏƏ açıq şəkildə ön sıradadır.

Azərbaycan yeni Körfəz oxu qururmu? Bəli. Amma bu qarşıdurma oxu deyil. Bu, enerji, təhlükəsizlik və etimad üzərində qurulan praqmatik oxdur. Və bu ox Türkiyə ilə Körfəz arasında yaranan yeni balansın daha dayanıqlı olmasına xidmət edir.

Bakı artıq sadəcə iştirakçı deyil. O, regional oyunun dizaynında iştirak edir.

Açıq mesaj verir: region romantik bəyanatlarla yox, güc balansı və strateji tərəfdaşlıqlarla idarə olunur. Azərbaycan bu oyunda müşahidəçi də deyil. O, səssiz, amma dərin oynayan aktordur.

Elbəyi Həsənli. Sürix

MİA.AZ