Ukrayna Rusiyanın bu gün paytaxt Kiyev başda olmaqla ölkənin bir sıra şəhərlərinə yeni nəsil "Oreşnik" orta mənzilli ballistik raket hücumu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırılmasını tələb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiha açıqlama verib.

O, Rusiyanın Ukraynanın Kiyev və Lvova "Oreşnik" orta mənzilli ballistik raketlə hücum etdiyini xatırladıb: "Rusiya artıq Avropa İttifaqı və NATO sərhədlərinə bu qədər yaxın Lvova belə hücumu Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid meajı vermiş oldu. Bu, transatlantik birlik üçün böyük sınaqdır. Biz bu hücuma qiymət verilməsi üçün BMT TŞ-nın təcili iclasını çağırdıq".

Nazir deyib ki, Moskvanın iddiasının əksinə olaraq, Ukrayna ordusu Rusiya prezidenti Vladimir Putinin Novqoroddakı iqamətgahına hücum etməyib: "Bu boş iddialar Rusiyanın Ukraynaya hücum etmək üçün bəhanəsidir. Rusiyanın orta mənzilli ballistik raket hücumu isə bu bəhanənin arxasındakı həqiqətən qlobal təhlükədir".

Hüseyn Namazov

MİA.AZ