Misli Premyer Liqasının 10-cu turunun son oyunu çərçivəsində “Turan-Tovuz”- “Şamaxı” oyunundan sonra tovuzlu azarkeşlər stadionu inanılmaz zibilləyib.

Mia.az xəbər verir ki, oturacaqlar yemək qutuları, sellofan paketlər, tum qalıqları, siqaret qutusu və kötükləri ilə dolu olub.

Mia.az-ın əməkdaşının qeydə aldığı görüntülər sosial şəbəkədə izləyicilərin diqqətini cəlb edib və böyük narazılıqla müşayiət edilib. Bəzi izləyicilər bu görüntülərin bütün stadionlar üçün eyni olduğunu, adətən, oyunlardan sonra azarkeşlərin oturacaqları zibilləyərək getdiyini yazıb. 

Bəzi klubların, o cümlədən, 1-ci və 2-ci liqa klublarının fanqrup nümayəndələri yazıb ki, onlar oyundan sonra oturacaqlarda tullantı saxlamırlar.

Məsələn, “Şahdağ-Qusar” klubunun azarkeşinin bildirdiyinə görə, onlar oyundan sonra oturacaqları təmizləyir. İzləyicilərdən bəziləri stadionun təmizlik personalının vəzifəsini xatırlatsa da, təbii ki, mədəniyyət nümunəsi vəzifəsinin mövcud olduğunu da digərləri xüsusi vurğulayıb. 

Qeyd edək ki, bölgə futbolu arasında idmanın bu növünə xüsusi marağı və coşğusu ilə seçilən Tovuzda “Turan-Tovuz” Futbol Klubu (FK) Premyer liqada (PL) inamla irəliləyir və hazırda turnir cədvəlinə başçılıq edir. Klubun stadionu bundan əvvəl tam təmirli olsa da, ot örtüyü süni olduğu üçün PL klubları tərəfindən narazılıqla qarşılanırdı. Bu ilki mövsümdə klub rəhbərliyi ot örtüyünü dəyişməyə qərar verdi və mövsüm başlayandan “Turan-Tovuz” ev oyunlarını Bakıda keçirdi. 

Ot örtüyü yeniləndikdən sonra klub ilk dəfəydi ki, ev oyunu keçirirdi. Stadionda anşlaq edən azarkeşləri klub 2 qol ilə sevindirsə də, görünür, Azərbaycan azarkeşi üçün izləyici mədəniyyətinin yüksək səviyyəsi hələ ki, xarakterik deyil, çox təəssüf ki.

Klublar, zənnimizcə, bu yöndə də fan dəstələrin vasitəsilə azarkeşlər arasında təbliğatı prioritet hesab etməlidi.

Zülfiyyə Mustafayeva
Mia.az