Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün ilk oyun "Azərsun Arena"da keçirilir.
Mia.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu (FK) öz meydanında “İmişli” FK-nı qəbul edir.
Yeri gəlmişkən, bu oyun əslində Quba şəhərində keçirilməliydi. “İmişli” öz şəhərindəki stadionun ot örtüyünün dəyişdirilməsi səbəbiylə ev oyunlarının müvəqqəti olaraq Qubada keçirir.
Lakin “Qarabağ” “İmişli”yə qonaq olmaq əvəzinə, onları necə deyərlər, “ayağına çağırıb”. Səbəbkar isə deyəsən, Mia.az-ın əməkdaşıdı.
Premyer Liqada bundan əvvəlki 9-cu turun son oyununda “Şamaxı” ilə qarşılaşmasından sonra Mia.az-ın əməkdaşı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova bu günki oyunla bağlı sual verərək soruşmuşdu ki, “Çelsi” ilə oyun ərəfəsində “İmişli” ilə oyunun təxirə salınması gözlənilirmi?
Yəni, əhəmiyyətli oyun öncəsi komandanın qorunması, yorulmaması üçün daxili çempionatın qarşılaşması təxirə salına bilərmi? Q.Qurbanov cavabında çox qısa və konkret olaraq, əməkdaşımıza “yox”, - demişdi.
Amma deyəsən, klub rəhbərliyi sonradan əməkdaşımızın sualı üzərində daha dərindən düşünərək, oyunun təxirə salınması variantı olmasa da, buna yaxın bir çıxış yolunu təklif etməyi qərara alıb. Klubun Peşəkar Futbol Liqasına rəsmi müraciətində bildirilir ki, “Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə X turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yeri dəyişdirilsin”.
“Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Beləliklə, bu gün “İmişli” “Qarabağ”ın qonağıdı, 20-ci turda isə “İmişli”-“Qarabağ” qarşılaşması olacaq.
Zülfiyyə Mustafayeva
Mia.az
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
