"Qarabağ” Futbol Klubu (FK) bir necə saatdan sonra Lissabonda Avroliqa oyunları çərçivəsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşır.

Mia.az xəbər verir ki, oyun bu gün saat 23.00-da başlayacaq.

Ənənəvi olaraq oyundan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfuz vəziyyətə düşüb. Kadi Borjesin də iştirak etdiyi mətbuat konfransında jurnalistlər Kadini sual yağışına tutandan sonra növbə Q.Qurbanova gələndə susublar. Heç kim ona sual ünvanlamayıb. 

Baş məşqçiyə hörmətsizlik bir neçə səbəbə bağlanıb. Klubun departament rəhbəri Anar Hacıyevin mediaya açıqlamasına görə, Qurbanov yerli mətbuata bir neçə geniş açıqlama verdiyiçün jurnalistlər oyuna dair bütün məqamlara aydınlıq gətirildiyini düşünüb.

Məncə, bəhanədi.

Rəqib komandanı və onun məşqçisini eyninə almayanda, jurnalistlər onu çox rahat iqnor edir. Səni saymırıq, - mənasında. Olur belə şeylər media arasında, gizlətməyin nə mənası.

Amma maraqlı gələn odu ki, niyə bu oyunda jurnalistlər “Qarabağ”ı müşaiyət etməyib? Adətən, medianın iştirakı təmin edilir. Düzdü, hərə öz tanışını aparır, amma nə fərqi var, hamısı həmkarımızdı.

Bax, elə ona görə təəccüblənirəm ki, “Qarabağ” jurnalistərə münasibətdə niyə belə qənaətcil davranıb. Bizimkilər də orada Qurbanova sual verərdi, Qurban müəllim elə pərt olmazdı.

Məni də klublar, milli komanda səfər oyunlarına heç dəvət etməyib. “Qarabağ” məni aparsaydı Lissabona, qəşəng suallar verərdim orada Qurbanova. Sonra da öküzlərlə şəkil çəkdirib qayıdardım.

Bir azdan oyun başlayır.

Uğurlar olsun!

Zülfiyyə Mustafayeva
Mia.az