Bakının Səbail rayonunda yerləşən Jurnalistlər Binasında bəzi tanınmış jurnalistlər və vəzifə sahibləri yanvar ayından bəri bina inventarlarının saxlanılması, zibil daşınması, ümumi işıqlandırma, lift xidməti, mühafizə üçün nəzərdə tutulan aylıq xidmət haqqını ödəməkdən yayınırlar.
Bu barədə Mia.az-a binanın idarəçiliyinə cavabdeh olan Səbail-15 MMMC-dən məlumat verilib.
Bildirilib ki, həmin ödəniş etməyənlərin siyahısı sentyabrın 10-dək elan olunacaq: "Çox təəssüf ki, ödəniş etməmək üçün hər cür bəhanə gətirənlər arasında TV əməkdaşlarından tutmuş, deputata qədər var. Biz onlara dəfələrlə xəbərdarlıq etsək də, nəticəsiz qalıb. Onlara sonuncu xəbərdarlıq edilib. Əgər sentyabrın 10-na kimi ödəniş etməsələr, onların adları ictimaiyyətə elan olunacaq, üstəlik, müvafiq hüquqi addımlar atılacaq".
Xatırladaq ki, "Jurnalistlərin binası"nda hər kv.metr üçün 35 qəpikdən "kommunal" yığılır: "Belə ucuz xidmət haqqı ən ucqar yerlərdə belə yoxdur. Təəssüf ki, xərclərə güc-bəla ilə yetişən bu az məbləği belə ödəməkdən yayınanalar var. Ağır hal budur ki, ödəniş etməyənlər burada komfortları üçün hər şeyi tələb edir, lakin üzərlərinə düşən xidmət haqqına gəldikdə qaçıb yoxa çıxırlar. Hətta elələri var ki, şantaja belə əl atır..."
Samir
MİA.AZ