Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinləri su çatışmazlığından əziyyət çəkirlər.
Mia.az-ın məlumatına görə, “Xəzər Xəbər”ə danışan sakinlər bildiriblər ki, yay mövsümü girəndən bəri su kəsilib. Bu da isti havalarda daha da çətinlik yaradır.
Vətəndaşların sözlərinə görə, gün ərzində su bir dəfə 5-10 dəqiqəlik verilir: “Yayın isti günlərində çimməyə su tapmırıq. İndi hansı zəmanədir ki, biz bu əziyyəti çəkirik? İyun ayından evimizə su gəlmir. Həftədə bir dəfə Suraxanı Sukanal İdarəsinə gedilir, orada da adambaşına 300 litr su verilir”.
Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin problemin həll olunmadığını bildiriblər: “Su idarəsində hər gün deyilir ki, “bu gün su veriləcək”. İcraya gedirik, orada da deyilir ki, “su yoxdur”. Məcbur olub suyu pulla alırıq. O da heç nəyə bəs etmir”.
Məsələ ilə bağlı ADSEA-dan qeyd edilkib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan təlabat artır: “Mövcud qurğuların və sudaşıycı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinə də su verilir. Qrafikdə dəyişiklik edildiyinə görə su küçədəki xəttin uzaq nöqtələrinə gedib çata bilmir. Həftənin sonuna əvvəlki rejimə qaytarılması nəzərdə tutulur”.
Daha ətraflı videomaterialda: