Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi bu dəfə də baş tutmayıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iclasın keçirilməməsinə səbəb təqsirləndirilən şəxslərin vəkillərinin məhkəməyə gəlməməsi olub.

Cinayət işini araşdıran hakim Fəxri Məmmədov müdafiəçilərinin laqeydliyinə görə təqsirləndirilən şəxslərə irad bildirib: “İşi süni şəkildə bu qədər uzatmaq olmaz. Sizə sonuncu dəfə xəbərdarlıq edirəm, müdafiəçiləriniz məhkəməyə gəlsinlər!”

Qeyd edək ki, artıq 10 aya yaxındır bu iş üzrə məhkəmə gedir. Bu günə qədər istintaq tamamlanmayıb.

İş üzrə Rasim İldırımzadə kimi tanınan R.İldırım, Zaur Mirzə-Zadə və Qoşqar Məmmədov xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə mühakimə olunur. İstintaq materiallarında yazılıb ki, Rasim İldırım əsas fiqur olmaqla, təqsirləndirilənlər biznesmen Qurban Piriyevə rayonların birinə icra başçısı təyin ediləcəyi vədi verərək onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.