Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Bələdiyyəsinin və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, monitorinq qrupunun üzvləri, həmçinin QHT, ictimai müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Nəsimi RİH yanında yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun” rəhbəri Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında rayon İcra Hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə geniş məlumat verib. Eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini və təxirəsalınmız tədbirlərin davamlı və mərhələli şəkildə görüləcəyini bildirib. Həmçinin çıxışında qeyd edib ki, cari ilin birinci yarısından məişət zorakılığı ilə bağlı 10-dan çox maarifləndirmə tədbirləri və multidissiplinar konfrans təşkil olunub.
Daha sonra RİH başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin nümayəndəsi Nuru Əhmədov, RİH başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin nümayəndənin müavini Kənan Namazov, Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf İsgəndərəov, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov,12 nömrəli uşaq poliklinikasının psixoloqu Gültəkin Həsənova, Nəsimi Bələdiyyəsinin əməkdaşı Kənan Qubadzadə və 2 nömrəli SİƏD-in monitorninq qrupunun rəhbəri Gülnarə Hacıyeva çıxışlarında nəzərə çatdırdılar ki, məişət zorakılığı faktları ilə bağlı daxil olan müraciətlər üzrə operativ tədbirlər görülür. Hüquqi mexanizmlərin tətbiqi zamanı normativ aktlara ciddi şəkildə riayət olunur. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır. Bildirilib ki, bu mövzu ilə əlaqədar fəaliyyət planında dəyirmi masa və infosessiyaların geniş tərkibdə keçirilməsi nəzərdə tutulub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.