“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin 3 milyon manatdan çox vergi borcu var.

Musavat.com xəbər verir ki, “Synergy Group” vergilər naziri olmuş mərhum Fazil Məmmədovun biznes imperiyasına daxil idi.

Şirkətin qanuni təmsilçisi isə Fazil Məmmədovun yaxın adamı, Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovdur.

Hazırda da şirkətə rəhbərliyi Elnur İsgəndərov həyata keçirir. “Synergy Group” MMC-nin nizamnamə kapitalı 50 milyon manatdır. “Synergy Group” bir müddət əvvəl vergiyə yaranmış borcunu ödəyib. Şirkətin hazırda 167 manat vergi borcu var.

“Synergy Group” MMC-yə daxil olan “Synergy Medical” MMC-nin isə 3 milyon manatdan çox vergi borcu yaranıb. MMC-nin vergi borcu son illərdə artmaqda davam edir.

Nizamnamə kapitalı 10 min manat olan “Synergy Medical”ın qanuni təmsilçi isə Gülnar Paşayevadır.

“Synergy Medical” MMC barəsində vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün bir neçə dəfə maliyyə sanksiyası tətbiq edilib.