Onlayn alış-verişin sürətlə yayılması həyatımızı asanlaşdırsa da, bəzən ciddi təhlükələr də yaradır. Xüsusilə körpə qidası kimi həssas məhsulların keyfiyyətsiz və gigiyenasız şəkildə çatdırılması yalnız maddi zərər deyil, insan sağlamlığı üçün böyük risklər deməkdir. İyulun 14-də “Trendyol” platformasından sifariş edilən keçi südü əsaslı körpə qidasının müştəriyə çirkli, pis qoxulu və yararsız halda çatdırılması isə bu təhlükənin acı reallığını bir daha ortaya qoyur.

Bakı şəhər sakini Elman Təhməzov Bakıvaxtı.az-a müraciətində deyib ki, çatdırılmanı edən EXPARGO əməkdaşı ilə birlikdə məhsula baxış keçirilib:

“Məlum oldu ki, bağlama həm zahirən çirk içindədir, həm də daxili qida maddəsi üfunət iyi verir. Qapaqların açıq olması və məhsulun pis qoxu yayması, xüsusilə də söhbət körpə yeməyindən getdiyini nəzərə alsaq, bu hal sadəcə, loqistik səhv deyil, birbaşa sağlamlıq üçün təhlükə yaradan məsuliyyətsizlikdir”.

Vətəndaş sözügedən məhsulu iyunun 26-da sifariş edib, ödənişi isə kart vasitəsilə 3281.51 TL məbləğində (143 manat) həyata keçirib. EXPARGO təhvil sənədində göstərilir ki, müştəri 15 iyul tarixində ödənişi nağd şəkildə tamamlayaraq bağlamanı almaq istəsə də, məhsulun vəziyyəti ilə yerində tanış olduqdan sonra onu qəbul etməkdən imtina edib. Şikayətçi bildirib ki, məhsulun vəziyyəti EXPARGO əməkdaşı tərəfindən də təsdiqlənib, lakin buna baxmayaraq nə məhsul geri götürülüb, nə də pulun qaytarılması ilə bağlı hər hansı addım atılıb.

Burada əsas məsələ təkcə bir bağlamanın keyfiyyətsiz olması deyil, müştəri hüququnun və insan sağlamlığının bu qədər saymazlıqla ayaq altına atılmasıdır. “Trendyol” kimi nəhəng platforma, EXPARGO kimi daşımalarla məşğul olan şirkət belə bir hadisəyə görə heç bir məsuliyyət daşımırsa, bu, artıq ciddi bir problemindən xəbər verir. Körpə qidasının pis qoxu verdiyi, qablaşdırmasının çirkli olduğu, daşınma zamanı gigiyena qaydalarının pozulduğu açıq-aşkar ortadadır. Belə məhsulların satışa çıxarılması, üstəlik heç bir nəzarət və zəmanət olmadan çatdırılması həm istehlakçının hüquqlarını pozur, həm də ictimai sağlamlıq üçün risk yaradır.

Əgər bu gün körpə yeməyində üfunət iyi normallaşdırılırsa, sabah hansı məhsulun təhlükəsiz olacağına kim zəmanət verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın EXPARGO şirkətinə göndərdiyi sorğu isə tamamilə qəbuledilməz cavabla qarşılanıb. Onlar məsuliyyətdən yayınaraq, “uyğun bilsək, geri dönüş edərik” kimi kobud və qeyri-ciddi ifadələrlə məsələni yumşaltmağa çalışıblar. Bu, həm istehlakçı hüquqlarının laqeydliyinin, həm də insan sağlamlığının heçə sayılmasının açıq sübutudur.

Bu cür laqeyd və məsuliyyətsiz yanaşma həm istehlakçılarda şirkətlərə qarşı inamı sarsıdır, həm də onlayn ticarətin etibarına ciddi zərbə vurur. İstehlakçıların həyatını təhlükəyə atan belə hallar qarşısında susmaq, haqlı tələbləri görməməzlikdən gəlmək yolverilməzdir. İndi ən böyük çağırış həm platformalara, həm daşımaya cavabdeh şirkətlərədir ki, öz məsuliyyətlərini anlayıb müştəri hüquqlarını və sağlamlığını prioritetə çevirsinlər. Əks halda, bu problemlər təkcə fərdi deyil, ümumi sosial fəlakətə çevriləcək.

Bakıvaxtı.az şikayətlə əlaqədar Dövlət Gömrük Komitəsinə də sorğu göndərib. Komitə məsələni müvafiq şöbəyə yönləndirdiyini bildirib və prosesin davam etdiyini qeyd edib.