Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

Mia.az xəbər verir ki, bəyanatda iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub: "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik".

Xtaırladaq ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.

Əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.

Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.

Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.

"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.

Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.

Qeyd edək ki, qətlə yetirilən Səfərov qardaşları tanınmış ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.