Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, rəsmilər, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kino Agentliyinin direktoru Rəşad Əzizov və digərləri da hadisə yerində olublar.
***
Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Mia.az Mədəniyyət Nazirliyinə istinadla bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.
Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.
***
"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.
Mia.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
***
Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Mia.az