Nəsimi rayonunda İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin  2007-ci il 18 iyun tarixli sərəncamına əsasən hər il iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd olunur.

Konfransın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, hüquq mədəniyyətini inkişaf etdirmək və bu sahədə gənc nəsli maarifləndirməkdir.

İnsan Hüquqları Aylığı çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 164 nömrəli tam orta məktəbində “İnsan Hüquqları Aylığına Həsr Olunmuş Maarifləndirici Görüş” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxış edənlər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İƏD üzrə nümayəndəsi Nuru Əhmədov və məktəbin direktoru Kəmalə Qədirova qeyd ediblər ki, insan hüquqları cəmiyyətin əsas təməl sütunlarından biridir və bu sahədə davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi gələcək nəsillərin hüquq düşüncəsinin formalaşmasında mühüm rol oynayır. Həmçinin məktəblərdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunaraq bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Bu kimi tədbirlər bir daha sübut edir ki, insan hüquqlarının qorunması yalnız dövlət və hüquq-mühafizə orqanlarının deyil, həm də təhsil müəssisələrinin və cəmiyyətin hər bir üzvünün ümumi məsuliyyətidir.

Tədbirin sonunda şagirdlərə insan hüquqları haqqında maarifləndirici broşürlər paylanılıb və onlarla interaktiv müzakirələr aparılıb.