Dövlət tibb müəssisəsi olan "Yeni Klinika"nın direktoru Barat Yusubovla bağlı maraqlı məqamlar məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Barat Yusubov Yeni Klinikanın direktoru təyin olunduqdan sonra oraya müraciət edən vətəndaşlar kütləvi şəkildə "Ege Hospital"a yönləndirilir. 

Bu da səbəbsiz deyil. Belə olan halda pasiyentlərin bütün xərcləri dövlət tərəfindən "Ege Hospital"a ödənilir.

"Ege Hospital"a nəzarəti Barat Yusubovun həyat yoldaşı, həkim-kosmetoloq Gültəkin Qəniyeva həyata keçirir.

Bildirilir ki, Barat Yusubova məxsus olan "Ege" MMC Sabunçu Tibb Mərkəzinə MRT aparatı da yerləşdirib.

Yeni Klinikanın direktoru Barat Yusubov məsələ ilə bağlı münasibət bildirmək istəməyib.

Qeyd edək ki, B.Yusubov 2023-cü ilin iyul ayında Yeni Klinikanın direktoru təyin edilib. Bundan öncə isə “Ege Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.