Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatı zamanı bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının (AMTF) prezidenti Araz Musayev hazırda müalicəsini qardaş ölkədə davam etdirir. Mayın 28-də baş vermiş hadisə ilə əlaqədar bir qrup şəxs saxlanılaraq, istintaqa cəlb olunub.

Mia.az xəbər verir ki, Araz Musayevin Teleqraf-a müsahibəsində olayın necə baş verməsindən, qarşı tərəflə aralarında yaranan münaqişənin səbəblərindən danışıb.

Onunla müsahibəni təqdim edirik:

- Hadisənin sifarişçisinin Adil Əliyev olduğunu iddia etmisiniz. Bu, kifayət qədər ciddi ittihamdır. Sübutunuz varmı? O, mediaya müsahibəsində bu iddianın yalan olduğunu, istintaqı çaşdırmaq məqsədi daşıdığını bildirib...

- Azərbaycan Kikboksinq Federasiyasını (AKF) Adil Əliyev idarə edir. 7-8 ay əvvəl AKF Gənclər və İdman Nazirliyinə məktubla müraciət edərək, AMFT-yə iddiasını ortaya qoymuşdu. Bu məqsədlə məni görüşə çağırmışdılar. Onlar mənə belə bir istəyin olduğunu bildirəndə mən "AMTF ictimai birlikdir, rəhbərliyi 4-5 ildə bir dəfə keçirilən seçki yolu ilə müəyyənləşir” formasında etiraz etdim. Adil Əliyevə “siz necə deputat seçilmisinizsə, burada da o formada seçkilər olur", - dedim. O isə deputatlıqla bunu eyniləşdirməməyimi bildirərək “Muay-tay bizim olacaq və bu məsələ də bitəcək" cavabını verdi. Bu söhbət zamanı orada 5-10 nəfər adam var idi. Ondan sonra da belə mübahisələr davam etdi. Falçı deyiləm ki, qabaqcadan məni vuracaqlarına dair məlumat verim. Türkiyəyə yollanmamışdan öncə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarımıza, bir sözlə, hər yerə məlumat vermişdim. Çünki məndə müəyyən məlumatlar var idi. Məni vuranların heç birini tanımıram. O adamları saxlayıblar, içəridədirlər. Adil Əliyevin mənimlə bağlı yazışmaları, səs yazısı, sözatması var. O deyilsə, niyə adı bu olayda çəkilsin ki?! Özü də deyir ki, belə söz-söhbətlərdə niyə adım hallanır?

Mənim düşmənim yoxdur, bundan əvvəl də olmayıb. Digər tərəfdən, bu, adi bıçaqlanma deyil, sui-qəsddir, 100-dən çox ölkənin idmançılarının gözü önündə baş vermiş hadisədir. Mən əminəm ki, onlar ora göndərilmişdilər. Türkiyə polisi onları qısa müddətdə Antalya hava limanında - Rusiyaya qaçmaq istədikləri vaxt yaxaladı. Hamısı bəllidir. Onlar mayın 19-dan məni izləyiblər. Bu, mütəşəkkil cinayətdir. Əks halda, AKF-in vitse-prezidenti Elşən Abdulrəhmanovun, Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyun burada nə işi vardı?

- Azər Həsənsoy əvvəllər sizin məşqçi-müəlliminiz olub, deyilənə görə. Onunla nəsə probleminiz olub?

- Xeyr, o mənim müəllimim olmayıb. Amma həmişə hər yerdə “müəllim” adından istifadə edib. Yanında cəmi bir il məşğul olmuşam.

- Federasiyanı sizə Azər Həsənsoyun verdiyi bildirilir...

- Federasiya onun atasının malı deyil. AMTF ictimai birlikdir, heç kəsin deyil. Federasiya prezidenti seçki yolu ilə müəyyənləşir. Onun deyil ki, götürüb mənə versin. Hər yerdə o sözü işlədir. Məgər federasiya firma və yaxud şəxsi obyektdir?

- Bəs onun özünün rəhbərlikdən ayrılmasının səbəbi seçkidə uduzması idi, yoxsa özü getmək istədi və bu vəzifə sizə təklif olundu?

- Federasiya yaranan gündən orada vitse-prezident kimi fəaliyyət göstərmişəm. 3 il öncə seçkilər təşkil olunub və mən federasiya prezidenti seçilmişəm. Vitse-prezident olduğum vaxtlarda da prezident kimi fəaliyyət göstərmişəm. Azərin əlində isə az qala 15-20 qurum olub. Mən idmançı kimi aktiv olmuşam. Gənclərə dəstək verərək onları inkişaf etdirmək yönündə də öndə olmuşam. Federasiya kiminsə mülkü deyil ki, mənə hədiyyə etsin. Deyir “Federasiya mənim olub, mən vermişəm”. Mənimsəmənin bir yolu da budur. Federasiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ictimai birlikdir. 3 ildir ki, federasiyaya rəhbərlik edirəm.

- Sizə qarşı bunu da deyirlər ki, 9 dəfə dünya çempionluğunu harada qazanmısınız? Bunu da açıqlayardınız...

- Onu harada qazanmağımı Adil Əliyevdən soruşun. O bilir. Həmin dövrlərdə o, AKF prezidenti olub. Çoxunu kikboksinq üzrə qazanmışam.

- Böyüklər arasında?

- Bəli. Hansı illərdə qazandığım döyüş növünə, yarışın adına və Adil Əliyevin özünün imzasına qədər Gənclər və İdman Nazirliyində arxivdə var. Mənim 50 yaşım var. Bundan sonra arxivdən nəyisə tapıb kiminsə qabağına qoyan deyiləm. Həmin illərdə Adil Əliyevin təqdimatı ilə cənab Prezidentin qəbulunda olmuş, əməkdar idman ustası adı almışam. Neçə döyüş keçirməyimə qədər qeydiyyata almışdılar.

Nazirliyində rəhmətlik Tofiq Babanlının şöbəsi vardı, o vaxt keçirdiyim döyüşlər sayına qədər qeyd olunub. Bu gün onların adını “hoqqa” qoyur. Sonra dərinə gedəndə “Biz o federasiyaları tanımamışıq” deyir. Sən tanımamısansa, deməli, belə çıxır ki, 20 il ölkə rəhbərliyini aldatmısan?

- Kikboksinq üzrə dünyada tanınan bir təşkilat var - WAKO (Ümumdünya Həvəskar Kikboksinq Təşkilatı - red.). Siz bu təşkilatın versiya üzrə dünya çempionluğu qazanmısınız?

- Yalnız o təşkilat deyil. Dünyada bir çox kikboksinq federasiyası var. Azərbaycan da onların bir neçəsi ilə müqavilə bağlamışdı və nümayəndəsi idi. WAKO-da o dövrdə iştirak edən də mən və Roman Tağıyev olmuşuq. İndiyə qədər Azərbaycanda üçüncü yerə çıxan da yalnız mən olmuşam. Yalnız WAKO adı söylənilirsə, yazın ki, bu versiya üzrə neçə dünya çempionumuz var. Eduard Məmmədov WAKO versiyası üzrə bir ya iki dəfə dünya çempionu olub. Elə isə niyə yazılır ki, 28 dəfə dünya çempionu olub? O zaman yazın ki, kikboksinq əvvəl olmayıb, 2-3 ildir fəaliyyətə başlayıb. O vaxtlar federasiyaların bəziləri bağlandı, bəziləri birləşdi. Bunlar karatedə də, kikboksinqdə də, muay tayda da var. Karate 80, kikboksinq 8 federasiyadan ibarət idi. Sonra birləşdilər və bir federasiya oldu. Biz o zamanlar hər birində sərbəst olaraq döyüşürdük. Azərbaycan nümayəndəliyi olmasaydı, bizi döyüşə buraxmazdılar. Azərbaycandan çıxmaq, səfirlikdən icazə almaq üçün Gənclər və İdman Nazirliyinin xarici əlaqələr şöbəsinin möhürü olmalı idi. Olmasaydı, heç bir yarışda iştirak edə bilməzdik. Türkiyə və digər viza olmayan ölkələrlərdə iştirak edə bilərsən. Amma Avropa ölkələrinin heç birində vizasız mümkün deyil. O yarışlar da İtaliyada, Yunanıstanda və digər şengen zonası ölkələrində olub.

- Hadisəni necə xatırlayırsınız?

- Biabırçı olay kimi xatırlayıram. Burada hər kəs azərbaycanlılara nifrət oxuyurdu. İstər türklər, istər xaricilər – hamısı baş yelləyib, çıxıb gedirdi. Bundan pis nə ola bilər? İki dövlətin nümayəndəsi bir-birini qırır. Kikboksçuları yollayıb burada uduzdururlar, cavan uşaqları döydürürlər. Əlbəttə, qanunsuz bir şeydir.

- Dünya çempionatına AKF də idmançı göndərmişdi?

- Bəli. 10 nəfər idmançı göndərmişdilər. Mən orada onları qanadımın altına aldım.

- Yoxsa yarışa buraxmırdılar?

- Buraxmaya bilərdilər. Mən yaxınlaşmadım ki, cavan uşaqlardır. Gördüm, hər kəs mənə düşmən kimi baxır. Hər biri hazırlaşmışdı. Mənim üstümə gəldilər, çiyin vurdular. Vurulan an da onların idmançısı çiyin vurub məni çölə çıxartdı. Sadəcə, gənc idmançı olduğundan adını verməmişəm. Azərbaycanda istintaqda lazım olarsa, onun da adını verəcəyəm. Videosu var.

- Necə oldu ki, sizi çölə çıxardılar?

- Yarış davam edən müddətdə federasiya prezidenti kimi çəkiliş edirdim. Çəkən zaman Azər Həsənsoy telefonu əlimdən almaq istədi. Dedi ki, rəhbərliyin göstərişi var, kikboksçuları çəkməyim. Mən də "federasiya prezidentiyəm, necə yəni çəkmə?!" cavabını verdim. Sonra məni itələdi. İtələdikdən sonra o biri oğlan yaxınlaşdı ki, məni vursun. Məni bayıra çıxartdı. Çölə çıxandan sonra da başıma bu iş gəldi.

- Videoda da görünür siz kiminləsə söhbət edirsiniz. Yəqin orada mübahisə edirdiniz...

- Məni çıxaranda öz komandamıza dedim ki, bunlar mənə əl-qol atır. Söylədim ki, bunlar konkret mənə qarşı hərəkətdədirlər. Bunu deyən kimi biri mənə böyürdən zərbə vurdu.

- Sizi vuran şəxsi tanıyırdınız?

- Xeyr. Vuran adamları tanımırdım. Onları göndərən adamları tanıyıram.

- Orada Azər Həsənsoyla sizin mübahisəniz yarandı. Videodakı həmin kadrda siz bir nəfəri göndərirsiniz ki, onu çıxart çölə...

- Həmin mübahisədən bir neçə dəqiqə sonra hadisə baş verib. Videolarda da var. Mənim çəkdiyim və olayın baş vermə saniyəsi var. Heç iki dəqiqə keçmədi. Azəri çıxarıram ki, bu yarışa heç bir aidiyyatı olmayan adamdır. Rinqin kənarından göstərirəm ki, Azərbaycanda digər federasiyanın prezidenti olaraq onu kənara alın. Onu oradan kənarlaşdırırlar.

- Axı kənardan azarkeşklik də edə bilərdi...

- Azarkeş orada yox, oturacaqlarda oturur. Ora iki məşqçinin çıxmasına, heç mənim dayanmağıma icazə yoxdur. Mən federasiya prezidenti olduğuma görə yaxınlaşdım, VIP rəsmi şəxs olduğumdan, içəri keçməyə imkan yaratdılar. Azər isə belə səlahiyyətdə olmadığından, orada durmağa ixtiyarı yox idi. Vəsiqəsində də Azər Həsənsoya azarkeş olaraq VIP verilmişdi.

- Bəlkə hər şey təsadüfi baş verdi: sizi vuran adam axı haradan bilə bilərdi ki, çölə nə zaman çıxacaqsınız?

- Belə hadisələr heç vaxt təsadüfü olmur. Hamısı əvvəldən hazırlanıb. Təsadüfən Rusiyadan, məhz mayın 19-da gəlmirlər, təsadüfən məni fotolarla izləmirlər. Təsadüfən məni bıçaqlamırlar. Təsadüfən Elşən Abdulrəhimovla Azər Həsənsoy yarışlara gəlmirlər. Təsadüfən AKF-in idmançılarını yarışa yollamırlar. Bunlar hamısı faktlardır. Hamısı Azərbaycanın keçmiş idmançılarıdır. Mayın 19-dan burada olmaları, maşın icarəyə götürmələri, məni izləmələrinə dair bütün şəkillər, bilgilər Türkiyə polisində var.

- İstintaqın gedişi barədə məlumatınız varmı?

- İstintaq gedir. Məni yaralayanları tutub içəri salıblar, Azərbaycanda sorğu-sual edəcəklər. Türkiyənin üzərinə nə düşürdüsə, qardaşlarımız onu etdi. Məni vuranları tapıb həbs etdilər. Türk polislərə təşəkkür edirəm. Ona görə ki, onlar bir daha sübut etdilər ki, türk milləti dünyanın harasında olur-olsun, bir-birini qorumağı bacarır. Məni maşınla xəstəxanaya çatdırdılar. Orada lazım olan hər şeylə təmin etdilər. Bu gün Azərbaycandan mənə düzgün olmayan suallar gəlir. Türkiyənin xəbər saytlarına baxsanız, görərsiniz ki, bütün məlumatlar var. Tam dolğunluğu ilə baş verənlər əks etdirilib.

- İndi səhhətiniz necədir?

- Orta-ağır. Vurulmuş, bıçaqlanaraq sui-qəsd edilmiş adam necə olar?

- Ötən gün paylaşdığınız videodan görünür ki, başınızın arxasına tikişlər atılıb...

- Hə, yata bilmirəm. Nəfəs çatışmazlığı yaradır. Yaş da öz sözünü deyir. Beşbarmaqla vurub üzümün yarı hissəsini əziblər. Üzüm keyiyib, hələ də açılmır. Beşmarmaq da deyil, qurğuşundur, dağıdıcıdır. Onu sifətimə vururdu ki, huşum itsin, o da işini görə bilsin. Digəri də içəridən gəlib arxadan bıçaqla vurur. Sonra da yerə yıxıb üç dəfə qarnıma vurur. Birinci iki dəfə demişdilər, sonra tibbi əməliyyat vaxtı üç dəfə olduğu müəyyənləşdi.

- Qarın nahiyənizə də tikiş atılıb?

- Bütöv kəsiblər ki, içəri qansızma olmasın. Qarın əzələləri bıçağın daxili orqanlara nüfuz etməsinin qarşısını alıb. Amma kəsik olduğu üçün ağrı verir.

- Bakıya nə zaman qayıdacaqsınız?

- Qayıdış tarixi dəqiqləşməyib. Çünki hələ ağrıyıram. Ağrılarım var. Xəstəxananın da bir müddəti var, sonra isə məcburam ki, ya otelə, ya da harasa yerləşim və bir müddət həkim nəzarətində qalım. Sabahadək bilinəcək. Müalicənin müddəti barədə həkimlər məlumat verəcəklər.

- Xəstəxana xərclərini kim ödəyir?

- Türkiyə dövləti. Sağ olsunlar, özləri bütün xərcləri öz üzərlərinə götürdülər, ən yüksək səviyyədə xidmət göstərdilər. Üstəlik, xəstəxana ərazisindəki müxtəlif postlarda 20-30 jandarm növbə çəkdi. Hətta həkimlər də palataya jandarmlarla yaxınlaşırlar.

- Rəsmi şəxslərdən yanınıza kimlər gəldi?

- Türkiyədən Jandarma Qüvvələrinin komandiri, Azərbaycandan Daxili İşlər Nazirliyinin nümayəndəsi də yanıma gəldi. Hadisə ilə əlaqədar müəyyən suallar verdilər, vəziyyətimlə maraqlandılar. Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları gəlmişdilər, telefonla da danışdılar.

- Rusiya ilə əlaqəniz, şəxsi münaqişədə olduğunuz şəxslər varmı?

- Əsla. Anadan olduğumdan indiyədək Rusiyada üst-üstə 3 dəfə olmamışam.

- Hadisə ilə əlaqədar yekunu necə təsəvvür edirsiniz?

- İnanıram ki, cənab Prezidentin göstərişi ilə məsələ araşdırılacaq və günahkarlar layiqli cəzalarını alacaqlar. Eləcə də Azərbaycandakılar. Bir daha bəyan edirəm ki, olay Türkiyədə baş versə də, araşdırma Azərbaycanda başladılmalıdır.