"Dünən Xırdalanda Heydər parkı tam dolu idi. Havaların istiləşməsi, xüsusən də qeyri-iş və bayram günü olması səbəbindən parka güclü axın var idi. Bir tərəfdən sakinlər ailəvi olaraq çəmənlikdə piknik ləzzətini yaşayırdı. Bu, çox yaxşıdır. Belə də olmalıdır Əlbəttə təmizliyə riayət etmək şərti ilə. Dünyanın hər yerində park insanlar üçündür və onlar maneə olmadan çəmənlikdə istihatər günlərini keçirir".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev feysbuk-dakı hesabında yazıb.

Onun sözlərinə görə, parkın digər tərəfində isə ictimai iaşə obyektləri aktiv işləyir: "Bu isə çox pisdir. Çünki onların sayı getdikcə artır və bu sürətlə davam etsə, parkda insanlar üçün piknikə də yer olmayacaq. Təxminən 10-15 il öncə həmin park ekoloji, sakit və təmiz məkan idi. İndi isə səs-küylü, basdırıq, hərəkəti məhdudlaşdıran bir məkana çevrilib".

Ekspert deyir ki, Azərbaycanda parklar haqqında ayrıca qanun olmasa da, yaşıllıqların mühafizəsini tənzimləyən qanunvericilik aktları var: "Əminəm ki, orada parklara dair standartlar və tələblər də var. Ancaq inanmıram ki, bizdə bu qaydalara əmək olunsun. Mən Avropa ölkələrin bir çoxunun parklarında olmuşam. Həmin ölkələrdə parklar əhali üçündür. İctimai iaşə obyektləri isə çox məhdud sayda parklara buraxılır. Bizdə isə əksinə parklar daha çox kafe, restoran və atraksionlar üçündür".

Firudin Səfərli

MİA.AZ