“Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə keçirilən “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı forum 400-dən çox iştirakçının bir araya gələrək yerli brendlərin hazırkı ticari dünyada yerinin və rolunun müzakirəsinə həsr olunan mötəbər tədbir keçirilib.
Rəsmi şəxslərin, tanınmış şirkət rəhbərləri və media nümayəndələrinin iştirak etdiyi tədbirə Mia.az saytı informasiya dəstəyi göstərib.
Mia.az xəbər verir ki, forumun rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb.
O, klubun əldə etdiyi nailiyyətlərdən danışıb. Bundan sonra sahibkarları gözləyən və onların marağına səbəb olacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli çıxışında klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu da vurğulayıb.
Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib ki, “Biznes Mərkəzi Klubu”nun indiyə qədərki fəaliyyəti sahibkarların uğurlu fəaliyyətinə töhfə verməklə bitməyib. Onun sözlərinə görə, belə təşəbbüslər ümumiyyətlə, ölkədə biznes mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayır.
“KOBSKA” İH-in sədri Ramin Şərifov və UİD Arge və Eğitim Başkanı Cengiz Aygör isə bildiriblər ki, yerli sahibkarların əməkdaşlığı onların brendə çevrilən məhsullarının beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının genişlənməsi yolu ilə dünya ticarət bazarında yer tuta bilməsində mühüm rol oynayır.
“Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçının fikrincə, media və biznes arasında əməkdaşlığın daha da gücləndirilməsi sahibkarlıq ekosistemində çox vacibdi. Onun sözlərinə görə, bu əməkdaşlıq ölkə iqtisadiyyatına müsbət təsir göstərir.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin sahibkarlar üçün yeni əməkdaşlıqlar qurmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində rəqs nümayişi etdirilib və tanınmış modelyer Mətanət Bayramovanın “Meta4Fashion” brendinin “Business Style” dəfiləsi iştirakçılara təqdim olunub.
Forum çərçivəsində Pərakəndə sektorunun inkişafına həsr olunmuş panel müzakirələri keçirilib.
Panel müzakirələrində pərakəndə sektorunda mövcud vəziyyət, rəqabət mühiti, rəqəmsal transformasiya, istehlakçı davranışlarının dəyişməsi, eləcə də yerli brendlərin gücləndirilməsi yolları müzakirə edilib.
Spikerlər yeni dövrün tələblərinə uyğun strateji yanaşmaları bölüşərək, brendlərin beynəlxalq bazarlara çıxışı, rəqəmsal marketinqin rolu, müştəri təcrübəsinin fərdiləşdirilməsi, loqistika və təchizat zəncirinin optimallaşdırılması kimi mövzularda fikir mübadiləsi aparıblar.
Spikerlər həmçinin forum iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, forumun rəsmi tərəfdaşı qismində “Birbank Biznes” və “ZH Media”, tədbirin sponsorları sırasında isə “Onur Plast”, “Aran İnşaat”, “Hanoğlu Baklava & Lokum”, “Dimora Craft”, “Foto xalça”, “QSA”, “Aqat Silver”, “Kingsmart”, “Logix”, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Crea Time”, “Asistal”, “Green Led”, “Euracs”, “BMG İnternational” və “Smart System” kimi nüfuzlu şirkətlər yer alıb.
Forum yerli brendlərin satış-sərgisi ilə yadda qalıb. Xaricdə təhsil imkanlarını yaradan EDUCO firmasının Türkiyədə Güneydoğu Havacılık Uçuş Akademiyasında təhsil imkanlarına dair verdiyi məlumat xüsusilə maraqlı idi.
Zülfiyyə Mustafayeva
MIA.AZ