Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani Qətərin paytaxtı Dohaya səfəri zamanı Qətər qazının İordaniya üzərindən daşınması, o cümlədən, ölkəsinin neft və təbii qaz sahələrində də birgə əməkdaşlığı gücləndirmək mövzusunda razılaşmaları imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü səfərdən dönərkən Dəməşq hava limanında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Dohaya 7 nazirdən ibarət heyətlə yollanıblar: "Biz orada Qətər rəsmiləri ilə məhsuldar görüşlər keçirdik, enerji, səhiyyə, rabitə və texnologiya, iqtisadiyyat və turizm sahələrində mühüm razılaşmalar əldə etdik. Bu səfər Suriyanın arzuladığı və həyata keçirməyə çalışdığı  müsbət siyasətin bir hissəsidir və ortaq maraqlara, qarşılıqlı hörmətə söykənir"

Nazir Qətərin bank sektorunda da Dəməşqə dəstək olacağını bildirib: "Biz eyni zamanda, Suriyada dövlət işçilərinə göstərdikləri “maaş yardımı”na görə Qətər və Səudiyyə Ərəbistanına bir daha təşəkkür edirik"

Şeybani qeyd edib ki, Qətər Suriyada 3 xəstəxananın təmiri, tam təchizatlı olmasına da dəstək verəcək.

Samir MUSAYEV
MİA.AZ