“ABŞ prezidenti Trampa və prezident Ərdoğana hörmət olaraq İstanbula nümayəndə heyəti göndərdik"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski deyib.

O bildirib ki, Rusiya İstanbula aşağı səviyyəli heyət göndərib: "Bildiyiniz kimi, görüş təklifi Putindən gəlib, lakin Rusiya bu görüşdə aşağı profilli nümayəndə heyəti ilə iştirak edir. Buna baxmayaraq, nümayəndə heyətimiz atəşkəs istiqamətində ilk addımın atılması üçün görüşlərdə iştirak edəcək. Bu, həm də göstərir ki, Rusiya müharibəni bitirmək istəmir. Bunu Putinin təyin etdiyi aşağı ranqlı heyətin tərkibi də təsdiqləyir. Əlbəttə, bu cür heyətlə mənim nümayəndə heyətimin heç bir müqavilə bağlamaq səlahiyyəti olmayacaq. Biz konstruktiv olacağıq, amma mənim və ya Baş Qərargah rəisimin iclasda olmasına ehtiyac yoxdur. Şünki Putin gəlmədi. Oysa ki, o, birbaşa danışıqlara hazır olduğunu deyirdi. Mən də “yaxşı, gəlirik” dedim və Türkiyəyə gəldim. Düşünürəm ki, bütün tərəflər danışıqlara hazır olduqlarını təsdiq etməlidirlər. Tam və qeyd-şərtsiz atəşkəs yaradılmalıdır. Əgər biz bununla bağlı danışıqlara hazırıqsa, liderlər səviyyəsində görüşməliyik. Mən buradayam və danışıqlara hazıram. Tez sülhə nail olmaq istəyirik. Lakin Rusiya qərar verməyə hazır deyil. Çünki Rusiya müharibəni bitirmək istəmir. Bu, Rusiyaya təzyiqlərin yetərli olmadığını göstərir. Biz tərəfdaşlarımızın Rusiyanı danışıqlar masasına oturmağa təşviq edəcək ağır sanksiyalar tətbiq edəcəyini gözləyirik".

Zelenski deyib ki, Putin sülh istəyirsə, şəxsən onunla görüşməlidir: "Mən Putinə səslənirəm: gəl, görüşək".

Lamiyə Əhmədli
MİA.AZ