"Abşeron Rayon İcra Hakimiyyəti dünən yazdığım statusdan sonra guya vəziyyətdən "çıxış yolu" tapıb - binamızın qarşısındakı zibil qutularının sayı 8-dən 10-a qaldırılıb".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavid İsmayıl sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, ötən paylaşımında yaşadığı məhəllədəki poçtun önünün "zibil tayası"na etiraz etdikdən sonra rayon rəhbərliyi lap Molla Nəsrəddinin fil lətifəsindəki kimi hərəkət edib:
"Amma mən daha iki "fil" göndərilməsini xahiş etməmişdim axı. Sual belə idi: yaşayış binasının və poçt şöbəsinin qarşısında zibil qutularının nə işi var? 82 nəfər sakinin imzası ilə zibil qutularının buradan yığışdırılması tələbimiz də qulaqardına vurulur.
Mən 2008-ci ildə Xırdalana köçəndə zibil qablarının sayı 2 idi. Binamızın ətrafında obyektlərin sayı artdıqca, onların yerindəki və ya qarşısındakı zibil qutuları sirli şəkildə ordan "qeyb" olub, bizim binanın qarşısında peyda oldular. Bu gün isə sayları 10 oldu.
Görünür, bizi zibil içində boğmaq istəyirlər. Biz niyə bu "mənzərə"də yaşamalıyıq? Niyə evimizə qonaq gələndə utanmalıyıq?".
Məsələ ilə bağlı Abşeron İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, sözügedən ərazidə qoyulan məişət tullantıları toplanan qutuların artırılması və məişət tullantılarının ətrafa yayılmasının qarşısının alınması məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti (RİH) başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Abadlıq və Kommunal Xidmətləri idarəsinə müvafiq tapşırıqlar verilib.
Həmçinin bildirilir ki, rayonun yaşayış məntəqələrində mövcud olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib.
Samir Musayev
MİA.AZ