Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonunun Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsü yayılıb.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərilib.

Aparılmış araşdırma ilə müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

3 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.