Azərbaycanın Rusiyadakı Səfirliyi Novosibirsk şəhərində polis əməkdaşının silahla qətlə yetirdiyi 19 yaşlı azərbaycanlı barədə məlumat yayıb.
Səfirliyin mətbuat xidmətində verilən xəbərə görə, faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub.
“Bu ilin 28 may tarixində Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə məlumatda vurğulanıb/APA.
Qeyd edək ki, mayın 28-də Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən azərbaycanlı Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib. Sosial şəbəkələrdə baş vermiş hadisənin yayılan görüntüləri zamanı yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı görünür. Başından ağır yaralanan həmyerlimiz mayın 30-da xəstəxanada vəfat edib.
***
Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyn 38 yaşlı baş leytenant Aleksandr Qusevin ittiham maddəsi dəyişdirilib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Ona qarşı yeni, “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Bundan əvvəl o, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə ittiham olunurdu.
Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qaldıqdan sonra vəfat edib.