Məleykə Abbaszadə İmişlidə vətəndaşların müraciətini dinləyib, müvafiq tapşırıqlar verib

img

26-09-2018 [15:28]


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 26-da İmişlidəki Heydər Əliyev Mərkəzində İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi və Ağdam rayonlarından olan sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünləri qəbul edib.

Mia.az DİM-ə istinadən bildirir ki, əvvəlcə Məleykə Abbaszadə və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Görüşdə vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər ediblər.

Qəbul zamanı DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR